Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə yalan vədlər verərək və şirnikləndirici təkliflər yayaraq vətəndaşları aldadan şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirib.
Milli.Az xəbər verir ki, aparılmış tədbirlər zamanı sosial platformalarda saxta elanlar paylaşan və özlərini müxtəlif internet resurslarının təhlükəsizliyinin təminatı ilə məşğul olan mütəxəssislər kimi göstərərək dələduzluq edən bir neçə şəxs saxlanılıb. Onların arasında əvvəllər də oxşar əməllərə görə məhkum olunmuş Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov var.
Araşdırmalar zamanı müəyyən olunub ki, Aqşin Bədəlov və İlkin Niyazov sosial şəbəkələrdə və müxtəlif saytlarda başqa şəxslərin bahalı mobil nömrələrini, avtomobillərini və mənzillərini öz adlarına məxsus kimi göstərərək real dəyərindən çox aşağı qiymətə satışa çıxarıblar. Cəfər Cəfərov isə müxtəlif iaşə obyektləri və müəssisələrlə WhatsApp vasitəsilə əlaqə saxlayıb özünü tanınmış brendlərin ucuz alışında vasitəçi kimi təqdim edib və bu yolla beh göndərən şəxsləri aldadaraq onların pul vəsaitini mənimsəyib.
Tədbirlər zamanı saxlanılan başqa bir şəxs Şahin Rəcəbov isə xarici ölkələrə səfər edib oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə qurub özünü rəsmi saytların və elektron poçt sistemlərinin idarə olunması ilə məşğul olan təşkilatın rəhbəri kimi qələmə verib.
Milli.Az