AZ

İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya arasında vahid geosiyasi məkan qurulmasının memarıdır

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün dost və qardaş Özbəkistanın paytaxtı Daşkənddə keçirilən növbəti (7-ci) Zirvə toplantısının nəticələri nəinki Azərbaycan, bütövlükdə Türk dünyası üçün tarixi əhəmiyyətlidir. Bildiyimiz kimi Azərbaycan liderinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə dəvət olunması son illərdə artıq ənənəvi hal alıb. Lakin ötən gün Daşkənddə baş tutan 7-ci görüşdə Azərbaycanın növbəti dəfə təmsil olunması tam fərqli məzmun kəsb etdi. Belə ki, Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərar qəbul edilməsi ənənəvi yox, fövqəladə əhəmiyyətə malik hadisədir. Çünki bu qərarın nəticəsində Mərkəzi Asiyanın beş dövləti – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın təmsil olunduğu C5 formatının Çin, Rusiya, ABŞ, Avropa İittifaqı (Aİ) kimi qlobal oyunçularla əməkdaşlıq üzrə formalaşdırdığı C5+1 modellərinə indi də “Mərkəzi Asiya+Azərbaycan” (“C5+Azərbaycan” və ya “C6”) modelinin əlavə olunması Cənubi Qafqaz-Mərkəzi Asiya trekində regional proseslərin konfiqurasiyasını kökündən dəyişir, yeni reallıqlar formalaşdırır.

İndi Azərbaycanla Mərkəzi Asiya ölkələri vahid geosiyasi və geoiqtisadi məkan qurur. Və bu, real Türk Birliyinn qurulması istiqamətində atılmış ən önəmli addımlardan biridir. Ənənəvi C5 formatının “5-lik”dən “6-lığ”a çevrilməsi təkcə kəmiyyət deyil, ilk növbədə keyfiyyət dəyişikliyidir. Bunu Mərkəzi Asiya liderləri də çox gözəl başa düşürlər. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin zirvə toplantısına ev sahibliyi edən ölkənin rəhbəri kimi öz çıxışında qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayaraq səsləndirdiyi fikirlər Azərbaycanın bu platformaya tamhüquqlu iştirakçı kimi qoşulmasının əhəmiyyətini ortaya qoyur: “Bu gün qardaş xalqlarımız üçün həqiqətən də tarixi bir gündür. Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək”.

Özbəkistan lideri, həmçinin onu da vurğuladı ki, Azərbaycanın “Mərkəzi Asiya+” format qoşulması ilə regionun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq. Belə ki, Azərbaycanın iştirakı ilə formatın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Eyni zamanda, Mərkəzi Asiya-Cənubi Qafqaz birgəliyinin əsasında iki nəhəng regionun yeni nəqliyyat arteriyası kimi meydana çıxmasının şahidi oluruq. Bu arteriyanın tərkib hissəsi kimi strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə region ölkələrinə Asiya və Avropanın nəhəng bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Azərbaycanın ideya müəllifi olduğu Zəngəzur dəhlizinin tikintisi layihəsinin strateji əhəmiyyəti bir daha ortaya çıxır. Orta Dəhlizin mərkəzi həlqəsi olan Zəngəzur dəhlizi Mərkəzi Asiya dövlətlərini Avropaya bağlamaqla yanaşı, həm də Naxçıvanı və qardaş Türkiyəni dünyanın ən vacib nəqliyyat qovşaqlarından birinə çevircək. Bu isə real türk birliyinin fiziki, iqtisadi müstəvidə araya-ərsəyə gətirilməsi deməkdir. Deməli, Azərbaycanın bütün Türk dünyasının birləşdirici gücü rolunda çıxış etməsi sözdə deyil, əməli olaraq təsdiqlənəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü çərçivəsində keçirilən “Mərkəzi Asiya+” formatlı toplantısında çıxışı bu gün Mərkəzi Asiyanı Azərbaycandan ayırmağın qeyri mümkünlüyünü bir daha isbatladı. Zəngəzur dəhlizi sadəcə sıradan bir yol deyil, mühüm geosiyasi və geoiqtisadi layihə qismində çıxış etməklə bir tərəfdən Azərbaycan və Mərkəzi Asiya arasında inteqrasiyanı dərinləşdirəcək, digər tərəfdən isə bu nəhəng regionu qlobal əməkdaşlıq, sabitlik və dayanıqlı inkişaf vahəsinə çevirəcək. Bu mənada Cənubi Qafqaz və Mərkəzi Asiya həqiqətən də böyük yeniliklərin astanasındadır və bu prosesi artıq heç bir kənar gücün geri çevirməsi mümkün deyil. Bu kontekstdə Azərbaycanın “Mərkəzi Asiya+” platformasına tamhüquqlu iştirakçı kimi qoşulmaqla “6-lığ”ın təməlini qoyması xarici siyasətimizin son zamanlardakı ən böyük uğurlarından biridir. Və bu prosesdə dövlətimizin başçısının diplomatik səyləri xüsusi əhəmiyyət daşıyır. İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya arasında vahid geosiyasi məkan qurulmasının memarıdır.

Çıxışında Azərbaycanla Mərkəzi Asiyanı çoxəsrlik ortaq tarixin, mənəvi və mədəni irsin, qardaşlıq, dostluq və həmrəyliyin birləşdirdiyini qeyd edən dövlətimizin başçısı, müstəqilliyə qovuşduqdan sonra Azərbaycanla region ölkələri arasında əlaqələrin həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli platformalar çərçivəsində daha da genişləndiyini vurğuladı və eyni zamanda, “Mərkəzi Asiya+Azərbaycan” formatında gələcək əməkdaşlığın perspektivlərini diqqətə çatdırdı, prioritetləri və görüləcək işləri göstərdi.

Hazırkı qlobal geosiyasi təlatümlər dövründə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bir araya gəlməsi və yeni əməkdaşlıq, birlik platformasının təməlini qoyması eyni vaxtda həm Türk dünyası üçün, həm də Asiya və Avropa qitələri üçün olduqca vacibdir. Azərbaycanın yaratdığı müasir tranzit-nəqliyyat qovşaqları ölkəmizi qitələri bir-birinə bağlayan haba, körpüyə çevirməklə yanaşı, türk dövlətləri arasında inteqrasiya prosesinin güclənməsinə də əlavə impuls verir. Bu baxımdan Mərkəzi Asiya ölkələri ilə yeni platforma çərçivəsində əlaqələrimizin dərinləşdirilməsi Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi və onun qlobal aktorlardan birinə çevrilməsi üçün yeni imkanlar açır. İndi türk dövlətləri tarixi qərarlar qəbul etmək mərhələsinə daxil olublar.

Bu kontekstdə Azərbaycan Prezidentinin Daşkəndə səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı təkcə Azərbaycan–Özbəkistan ikitərəfli əlaqələrinin deyil, bütövlükdə Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin yeni strateji mərhələyə qədəm qoymasının göstəricisidir. Səfərin nəticələri həm Azərbaycan üçün, həm də qardaş ölkələr üçün birmənalı surətdə uğurludur. Cənab Prezidentin sözləri ilə desək, bu səfərin nəticələri bir daha onu göstərdi ki, Xəzər dənizi bu gün Cənubi Qafqazla Mərkəzi Asiya arasında fiziki sərhəd və ya ayırıcı xətt deyil, əksinə, birləşdirici strateji körpü rolunu oynayır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Seçilən
26
44
ictimairey.az

10Mənbələr