Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, bu o deməkdir ki, İsrail Yaxın Şərqdə - müsəlman dövlətlərinin arasında yerləşən yəhudi dövləti olaraq - özünü bölgənin "ağası" kimi göstərməyə çalışır və orada güc nümayiş etdirir. Əlində nüvə silahı olduğu üçün özünü digər ölkələrdən üstün hesab edir və istədiyini etməyə haqqı olduğunu düşünür. Yeganə dövlətlərdən biri Türkiyədir ki, İsrail onunla hesablaşmağa məcburdur. Digər tərəfdən İran da İsrailin çəkinəcəyi ölkələr sırasındadır. Təbii ki, Türkiyə nə İran, nə də başqa regional oyunçularla eyni mövqedədir. Son qısamüddətli müharibə zamanı biz gördük ki, İran bu məsələlərdə müəyyən qədər geri çəkildi. Ancaq Türkiyə İran deyil, bunu İsrail çox yaxşı anlayır. Üstəlik, Türkiyənin beynəlxalq arenada malik olduğu dəstək də məlumdur. Bu mənada demək lazımdır ki, Türkiyə ABŞ ilə bir çox məsələlərdə eyni siyasi xətti yürüdən dövlətdir. Yaxın Şərqdə ABŞ üçün Türkiyənin gücü və varlığı son dərəcə önəmlidir. NATO üzvü olaraq, həm yaxın tərəfdaş, həm də regionda əsas güc mərkəzi olan Türkiyəyə verilən bu dəyər İsraili narahat edir. İsrail çox yaxşı bilir ki, Türkiyə ilə müharibəyə başlamaq, yaxud münasibətləri daha da gərginləşdirmək, nəticədə onun özünün məhvinə aparıb çıxara bilər.
"Azərbaycan-Türkiyə-İsrail tandeminə gəlincə, Azərbaycanın hər zaman İsrail ilə yaxşı münasibətləri olub və bu səbəbdən Ankara-Təl-Əviv münasibətlərində balansı qorumağa çalışıb. Lakin təəssüf ki, İsrail öz fəaliyyəti ilə bu münasibətləri özü korlayıb. Müsəlman dövlətlərində qırğınlar törətməsi, gərginlik yaratması nəticəsində İsrail-Türkiyə əlaqələri ciddi şəkildə zədələnib. Bu gün Türkiyə və türk ictimaiyyəti arasında İsrailə qarşı böyük narazılıq və nifrət mövcuddur. Belə olan halda nə diplomatik, nə siyasi, nə də iqtisadi münasibətlərdən tam şəkildə danışmaq olmur. Sadəcə olaraq, hələlik İsrail və Türkiyə arasında müəyyən iqtisadi əlaqələr qalmaqdadır. Diplomatik və siyasi münasibətlər isə faktiki olaraq yoxdur," - deyə siyasi şərhçi vurğulayıb.
Ekspert qeyd edib ki, Azərbaycan hər nə qədər çalışsa da, İsrail və Türkiyə arasında balansın qorunması artıq çətinləşir. İsrailin atdığı addımlar bu balansı getdikcə daha da zədələyir. İsrail də anlayır ki, diaspora və silah lobbisi vasitəsilə Amerikaya təsir göstərərək Türkiyəyə qarşı hər hansı siyasi xətt formalaşdırmaq o qədər də mümkün deyil. Çünki ABŞ üçün ən yaxın tərəfdaş, NATO üzvü və regiondakı ən böyük güc Türkiyədir - həm ordusu, həm iqtisadiyyatı, həm də siyasi nüfuzu ilə. Ona görə də İsrail öz addımlarına, bəyanatlarına ciddi nəzarət etməlidir. Çünki Türkiyə nə İran mövqeyindədir, nə Suriya, nə Əfqanistan, nə də digər ərəb ölkələrinin vəziyyətindədir. Türkiyə tamamilə fərqli gücə və keyfiyyətə malik dövlətdir. İsrail ilə mümkün müharibə halında isə mənə elə gəlir ki, İsrail daha ilk mərhələdə belə Türkiyənin qarşısında məğlub ola bilər.
"Normallaşma məsələsinə gəlincə, Azərbaycan çalışır ki, İsrail-Türkiyə münasibətləri arasında balans yaratsın. Lakin İsrailin gələcək addımları, Qəzzaya qarşı sərgilədiyi münasibət və vəhşicəsinə atdığı addımlar bu münasibətləri daha da korlayır. Və bu proses İsrail-Türkiyə əlaqələrinin yaxın zamanda normallaşacağı ilə bağlı heç bir ümid yaratmır. Bu, tamamilə İsrailin gələcək davranışlarından asılı olacaq," - deyə Ramiyə Məmmədova əlavə edib.
Sevda Dəniz