AZ

“Azərbaycan, Türkiyə və İsrail üçün yeni imkan” – İran faktoru GÜNDƏMDƏ

“İranın regionda təsirinin azalması Azərbaycan, Türkiyə və İsrail üçün yeni strateji imkanlar yarada bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov səsləndirib.

İlyas

Ekspertin sözlərinə görə, beynəlxalq münasibətlər sistemində güc balansının dəyişməsi və geosiyasi mübarizənin dərinləşməsi fonunda bir sıra dövlətlər təsir imkanlarını itirir, bunun nəticəsində isə yeni koalisiyalar formalaşır:

“Azərbaycan regionda ikili və üçlü əməkdaşlıq formatlarını çox səmərəli şəkildə qurub. Bunun nəticələrini artıq görürük. Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı, eləcə də Azərbaycanın Mərkəzi Asiya inteqrasiya proseslərində fəal iştirakı bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının konsultativ görüşlərinə qatılması ölkəmizin bu platformada tamhüquqlu tərəfdaş kimi qəbul edilməsini göstərir.”

İlyas Hüseynovun fikrincə, İranın zəifləməsi regionda digər güc mərkəzlərinin rolunu artırır və xüsusilə Azərbaycan–Türkiyə hərbi-siyasi müttəfiqliyinin əhəmiyyətini daha da yüksəldir:

“İran bunu diqqətlə izləyir. Eyni zamanda, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması da proseslərə müsbət təsir göstərir. Bu, həm iki ölkə arasında ortaq dilin tapılması, həm də Azərbaycanla əməkdaşlığın genişlənməsi baxımından mühüm amildir.”

Siyasi şərhçi hesab edir ki, yaranmaqda olan yeni geosiyasi şəraitdə Azərbaycan–Türkiyə–İsrail üçtərəfli əməkdaşlıq formatı formalaır:

“Bu koalisiya regionda yeni güc mərkəzi kimi çıxış edə bilər və nəticədə İranın təsir imkanlarının daha da azalmasına xidmət edəcək.”

Ekspertin sözlərinə görə, regional proseslər sürətlə dəyişir və Azərbaycan formalaşan yeni nizamın fəal iştirakçısına çevrilməkdə davam edir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr