Rumıniyada Ukrayna ilə sərhəddə yerləşən yaşayış məntəqəsindən sakinlərin təxliyəsinə başlanılıb.
Buna səbəb Rusiya tərəfindən Odessa vilayətinin cənubuna endirilən dron hücumu nəticəsində sıxılmış qaz daşıyan Türkiyə gəmisində baş verən yanğın olub.
Modern.az-ın məlumatına görə, "Euronews" yazır ki, hadisə Ukrayna sərhədi yaxınlığında yerləşən Plauru qəsəbəsində baş verrib. Qəsəbədən artıq 15 nəfər təhlükəsizlik məqsədilə çıxarılıb.
Məlumata görə, dron hücumu zamanı İzmayaıl limanı ərazisində yerləşən və sıxılmış qaz daşıyan gəmidə yanğın başlayıb. Partlayış riski böyük olduğundan Rumıniya hakimiyyəti əhalinin müvəqqəti olaraq təhlükəli zonadan uzaqlaşdırılmasına qərar verib.
Türkiyə hökumətinin Dəniz İşləri Baş İdarəsi açıqlayıb ki, ORINDA adlı Türkiyə bayrağı altında üzən qaz tankeri hücum zamanı zədələnib və yanmağa başlayıb. Gəmidə olan 16 nəfərlik türk ekipajı təhlükəsiz şəkildə təxliyə olunub, xəsarət alan yoxdur.
Rumıniya KİV-ləri yazır ki, Tulça bölgəsinin rəhbərliyi və yerli icma başçıları hadisə yerinə yollanıb. Fövqəladə xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib, mümkün fəaliyyət planı üzərində iş aparılır.
Hazırkı qiymətləndirmələrə görə, Plauru yaşayış məntəqəsinin tam təxliyəsi gözlənilir. Ukrayna tərəfi də bu qərarı dəstəkləyərək bildirib ki, gəmidəki yükün partlaması geniş radiusda dağıdıcı nəticələrə səbəb ola bilər.