BAKI, 16 noyabr. TELEQRAF
Ukraynanın Odessa vilayətinin İzmail limanında lövbər alan Türkiyə gəmisiRusiya silahlı qüvvələri tərəfindən vurulub.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, dronla hücum edilən gəminin ekipajı evakuasiya edilib.
Qeyd edək ki, tankerdə 4 min ton mayeləşdirilmiş təbii qaz (LPG) olub.
Məlumatda bildirilir ki, gecə saat 02:00 radələrində “BMG Shipping and Consulting Limited” şirkətinə məxsus “MT Orinda” gəmisi Ukraynanın İzmail limanında olarkən pilotsuz təyyarə ilə hücum olub.
16 nəfərlik heyət fövqəladə hallar prosedurlarına uyğun olaraq gəmini təhlükəsiz şəkildə tərk edib və təhlükəsiz əraziyə yerləşdirilib.
“Bütün şəxsi heyətimizin səhhəti yaxşıdır. Hücumdan sonra gəmidə yanğın davam edir və müvafiq yerli orqanlarla koordinasiyalı şəkildə lazımi müdaxilələr aparılır. Bizim prioritetimiz ekipajımızın təhlükəsizliyidir və hadisələr ictimaiyyətlə paylaşılacaq” – şirkətin açıqlamasında bildirilir.