525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Abid TAHİRLİ
Mühacirət dövri nəşrlərinin bayraqdarı "Yeni Qafqasya" məcmuəsi özünəqədərki milli mətbuatın bütün mütərəqqi ənənələrini yaşadan, inkişaf etdirən, zənginləşdirən, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yeni şəraitdə və ağır şərtlər daxilində istiqlal məfkurəsini, sovet işğalına, bolşevik rejimi və kommunist təliminə qarşı ideoloji mübarizəni əsas təbliğat obyektinə, qayəsinə çevirən, müstəqillik uğrunda mücadilə tarixinin bənzərsiz nümunəsi, iftixar və qürur mənbəyimiz, milli sərvətimizdir. Yeri gəlmişkən, dərginin bütün dəsti 2018-ci ildə 4 kitab şəklində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə nəşr olunub. Mövzumuz "Yeni Qafqasya" məcmuəsində imzalar olsa da, əvvəlcə nəşrin tarixi, proqramı, məramı barədə məlumat verməyi məqsədəuyğun hesab edirik.
"Yeni Qafqasya" 1923-cü il sentyabrın 26-da M.Ə.Rəsulzadənin rəhbərliyi ilə İstanbulda nəşrə başlamış, 5 il sonra - 1927-ci il oktyabrın 15-də sonuncu - (I-II il 24, III il 21, IV, V illər 26 nömrə) 95-ci nömrəsi buraxılmışdı. "Ədəbi, ictimai, siyasi məcmuə" kimi on beş gündə bir dəfə ərəb əlifbası ilə çıxan məcmuənin ilk nömrəsi M.Ə.Rəsulzadənin "Atəş çalan Prometey" yazısı ilə açılır. Müəllif məqaləni belə başlayır: "İlk nüsxənin baş məqaləsi alelusul (qaydalara uyğun - T.A.) proqram məqaləsi olmalı idi. Burada məcmuəmizin təsisi ilə təqib etdiyimiz məqsəd təşrih (açıqlamaq, anlatmaq - T.A.) olunmalı idi..." Lakin Məhəmməd Əmin bəy nəşrin məramını bəyan etməyə tələsmir, çünki o bu barədə düşünürkən "Qafqaz, bu gözəl məmləkət, Xəzər dənizi ilə Qara dəniz arasındakı bu tarixi bərzah (coğrafi mənada hər iki tərəfi su olan dar torpaq) qədim yunanlıların "Altın Yun" (qədim yunan mifologiyasında zənginliyin simvolu - T.A.) deyə təbir etdikləri bu zəngin ölkə gözümüzün önündə canlandı: o, çox rəngin mazisi (tarixi - T.A.) ilə çox daşqın halı ilə və hətta çox parlaq istiqbalı (gələcəyi - T.A.) ilə təxəyyülümüz qarşısında nizamlı rəsmi keçid etdi". M.Ə.Rəsulzadə odu oğurlayaraq insanlara çatdıran, buna görə də Zevsin göstərişinə əsasən Qafqaz dağlarına zəncirlənən, hər gün vəhşi qartal tərəfindən didilən və nəhayət, xilas edilən Prometey əfsanəsindən təfərrüatı ilə danışır. O, ən böyük atəşgahın Azərbaycanda olduğunu göstərir, vəhşi qartalı isə bir əsrdən bəri Qafqazın köksünü didən, ciyərini parçalayan Rusiya imperializminə bənzədir və yazır: "Azərbaycanda, Gürcüstanda və Dağıstanda olan üsyanlar, verilən qurbanlar, tökülən qanlar... bütün bunlar Prometey-qartal mücadiləsinin müxtəlif cilvələrindən başqa bir şey deyildir".
Ədib sonra ziya və hürriyyət mənbəyi Hürmüzlə zülmət və əsarət mənbəyi Əhrimən arasındakı mübarizədən, Hürmüzün Əhrimən üzərindəki qələbəsindən, çarizmin işğalçılıq siyasətindən söz açır, Birinci Dünya müharibəsində Türkiyənin mövqeyini dəyərləndirir.
Məqalənin sonunda M.Ə.Rəsulzadə bu qənaətə gəlir ki, Türk hürriyyət hərəkatı ilə çox ciddi bağlı olan Qafqaz məsələsi, eyni zamanda bütün Şərqi təhyic edən (bürüyən, coşduran mənasında - T.A.) milli istiqlal hərəkatının bir parçasıdır və "Yeni Qafqasya" Şərq və Qərbdəki mühüm məsələləri mümkün olduğu qədər təqib və tənvir (işıqlandırmaq - T.A.) edəcəkdir.
Məcmuənin ilk nömrəsində "Proqram məqaləsi ivazına" rubrikası" ilə dərc olunan məqalədə müəllif nəşrin missiyası barədə ümumi məlumat versə də, bununla kifayətlənmir və 4 oktyabr 1924-cü il tarixli 1-ci nömrəsində "İkinci ilə girərkən" sərlövhəli baş məqalədə Məhəmməd Əmin Rəsulzadə "Yeni Qafqasya" qarşısında duran məram və vəzifələrdən geniş bəhs edir, dərginin 3 oktyabr 1925-ci il tarixli 1-ci nömrəsində isə müəllif "Yeni Qafqasya"nın proqramını maddələr şəklində belə ümumiləşdirir:
"1. "Yeni Qafqasya" milliyyətçi, radikal və demokratdır.
2. "Yeni Qafqasya" türkçüdür. Türklərin mədəni tərəflərini, mədəni əlaqələrini, mənəvi vəhdət və istiqlallarını hədəf seçir.
3."Yeni Qafqasya" Türk davasının azəri cəbhəsini müdafiəyə mükəlləf Azərbaycan istiqlalçılarının ümumi fikridir.
4. "Yeni Qafqasya" Qafqaz millətlərinin Rusya əsarətindən xilas olmasını və baş verə biləcək Rusya istilasına qarşı müvəffəqiyyətlə durmasını təmin üçün Qafqazın konfederasiya şəklində birləşməsi tərəfdarıdır.
5. "Yeni Qafqasya" yalnız azərbaycançılıq, türkçülük və qafqazyaçılıqla qalmaz; o, Şərqdəki milli istiqlal hərəkatını da, hər hansı bir fikirlərini də mənimsəyir, Şərqin radikal bir surətdə əsirlənməsini bütün səmimiyyətiylə müasirləşməni seçir;
6. "Yeni Qafqasya" xüsusilə Rusiya imperializminə qarşı mücadilə edər, o, çarizmi olduğu qədər, bolşevizmi də Türk dünyası üçün zərərli və Qafqaza düşmən görür".
lll
"Əkinçi"nin əsas ideyası, yaranması Həsən bəy Zərdabinin, "Molla Nəsrəddin"in meydana gəlməsi fikri, nəşri Mirzə Cəlilin adı ilə bağlı olduğu kimi, "Yeni Qafqasya"nın da intişarı M.Ə.Rəsulzadənin xidmətidir. Təsadüfü deyil ki, o özü də bunu dəfələrlə bəyan etmişdi. Ceyhun Hacıbəyliyə ünvanladığı məktubların birində "Çox məşğulam, keçən həftə xəstə idim. Anginaya tutulmuşdum. Növbədəki nömrəni xəstə ikən hazırladım. O qədər yalnızam ki, hətta xəstə olmaya özümdə səlahiyyət görmürəm... Mövcud bulunan qardaşların nə türkcəsi, nə də vaxtlı-vaxtında qəzeti istənilən məqalə ilə doldurabiləcək qəzetçilik təcrübələri bu iş üçün kafi deyildir... Bilirsən ki, "Yeni Qafqasya"nın bütün ağırlığı münhasıran (məxsusən, yalnız özümə - T.A.) öhdəmdədir".
Məcmuənin bütün mətnini ərəb əlifbasından latına transliterasiya edərək nəşrə hazırlayan müəlliflərdən birinin - professor Əli Yavuz Akpinarın kitaba yazdığı irihəcmli "Yeni Qafqasya"ya ümumi baxış" adlı məqaləsinin "Yeni Qafqasya"nın yazı kadrosu" hissəsində qeyd olunur ki, məcmuənin "yazıları daha çox azərbaycanlı mühacirlər, aydınlar tərəfindən yazılmışdır". Y.Akpinar məcmuənin birinci ilində "Yeni Qafqasya"da məqalələri dərc olunan müəlliflərin adlarını "İmzalar və müstəar isimlər" kimi iki yerə ayıraraq təqdim edir. Onun yazdığına əsasən, 1924-cü ildə M.Ə.Rəsulzadənin məcmuədə "Azəri" və "M.Ə.Rəsulzadə" imzaları ilə 15, "Məhəmməd Əmin Rəsulzadə" və "M. Ə." imzaları ilə 8 yazısı dərc edilmişdi. Beləliklə, məcmuədə müəllifin 1924-cü ildə cəmi 23 məqaləsinin dərc edildiyi qənaəti hasil olur. Dəyərli tədqiqatçıya böyük ehtiramımızı ərz etməklə yanaşı, bildirməliyik ki, elə Yavuz bəyin iştirakı ilə hazırlanan "Yeni Qafqasya" kitabına ötəri nəzər salmaqla buradakı rəqəmlərin doğru olmadığı üzə çıxır. Məsələn, "Azəri" və "M.Ə.Rəsulzadə" imzası ilə dərc olunan məqalələrin sayı 15 yox, 19-dur. "M.Qərib", "M" (Mim) imzalarının da kimə mənsub olduğu barədə fikir ayrılıqları olduğu üçün (biz həmin imzaların da M.Ə.Rəsulzadəyə aid olduğu qənaətindəyik) onlar da Məhəmməd Əminə məxsus məqalələr sırasına daxil edilib. Bundan əlavə, məcmuədə imzasız və gizli imzalarla dərc olunan məqalələrin böyük əksəriyyətinin də M.Ə.Rəsulzadə tərəfindən qələmə alındığı şübhə doğurmur.
Professor Nəsiman Yaqublunun qənaətinə görə, Məhəmməd Əmin Rəsulzadənin "Yeni Qafqasya"nın bütün nömrələrində imzasız dərc olunan məqalələrinin sayı 17, "Azəri" imzası ilə işıq üzü görən yazıları 54, "Rəsulzadə Məhəmməd Əmin" imzalı əsərləri 17, "M.Ə" imzalıların sayı 19 olmaqla, cəmi 107-dir (4, s.9).
Azərbaycan mühacirət probleminin araşdırılması sahəsində müəyyən xidmətləri olan Səbahəddin Şimşir "Azərbaycanlıların Türkiyədə siyasi və kültürəl fəaliyyətləri (1920-1991)" adlı əsərində Məhəmməd Əmin Rəsulzadənin "Yeni Qafqasya"da dərc olunan məqalələrinin sayı haqqında yazır: "Yeni Qafqasya"da Məhəmməd Əmin Rəsulzadəyə aid olduğunu düşündüyümüz imzalı və ya imzasız 215 civarında məqaləsi vardır". Göründüyü kimi, ayrı-ayrı tədqiqatçılar məsələ ilə bağlı müxtəlif rəqəmlər söyləyir, fərqli fikirlər irəli sürürlər. Bizim fikrimizcə, mətnşünaslar, mətbuatşünaslar, ədəbiyyatşünaslar "Yeni Qafqasya" da imzasız və gizli imza ilə dərc olunan məqalələrin kimə mənsublığı haqqında ortaq fikrə gəldikdən sonra M.Ə.Rəsulzadənin və məcmuənin digər əməkdaşlarının əsərlərinin sayı ilə bağlı qənaət hasil etmək mümkündür.
Mühacirətin ağır şərtləri və maddi, mənəvi sıxıntıları şəraitində nəşr olunan "Yeni Qafqasya" ilə əməkdaşlıq edən yazarların imzalarını müəyyənləşdirmək vacib olsa da, bu problemin həlli çox çətindir. Məqalə müəlliflərinin bəziləri sovet xəfiyyəsinin təqib və təhdidlərindən ehtiyatlanaraq imzalarını gizlətməyə məcbur idilər. Məcmuə ilə əməkdaşlıq edən Kazan türklərinin liderlərindən Abdulla Battal Taymasın (1883-1969), istiqlal şairi Əhməd Cavadın (1892-1937), Türk yazıçısı Əhməd Həmdi Tanpınarın (1901-1962) , Azərbaycan Xalq Cümhuriyyətinin ictimai və siyasi xadimi Əkbər ağa İbrahim oğlu Şeyxülislamovun (1891, İrəvan - 2 mart 1961, Paris), Türkiyədə məşhur həkim, şair və jurnalist Abdulla Cövdətin (1869-1932), Başqırdıstan milli hərəkatın liderlərindən Əhməd Zəki Vəlidi Toğanın (1890, Ufa - 1970, İstanbul), Tatar milli hərəkatının aparıcı simalarından, yazıçı, jurnalist, naşir və siyasətçi Məhəmməd Ayaz İshakinin (1904, Kazan - 1954, İstanbul), istiqlal müchadi və mətbuat xadimi Məhəmmməd Sadıq Aranın (1895, Zəngəzur, Sisyan - 1972, İstanbul), Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi Xəlil Xasməmmədun (1873, Gəncə - 1947, İstanbul) "Yeni Qafqasya"da açıq imzalarına təsadüf edilir. Lakin nəşrdə çox sayda imzasız və yaxud gizli imza ilə dərc olunmuş məqalə var ki, onların kimə mənsubluğunun araşdırılması lazımdır. Qeyd etdiyimiz kimi, yalnız bu istiqamətdəki tədqiqatlar başa çatdıqdan sonra gizli imzalarla bağlı konkret və obyektiv fikirlər söyləmək mümkün olacaq. Yeri gəlmişkən qeyd edək ki, bu sətirlərin müəllifi tərəfindən ilk dəfə mühacir ədiblərin imzaları mövzusu hazırda ayrıca tədqiqat obyekti kimi araşdırılır və müəyyən nəticələr də əldə olunub, bəzi imzaların kimiə mənsubluğu haqqında mətbuatda məqalələr də dərc olunub.
"Yeni Qafqasya" məcmuəsinin dərindən, hərtərəfli tədqiqi, o cümlədən nəşrdəki imzaların araşdırılması vəzifəsi aktualdır və istiqlal uğrunda ideoloji mücadilə tarixinin, onu yazanların həyat və fəaliyyətinin həqiqi mənzərəsini üzə çıxarıb dəyərləndirməyə imkan verəcəkdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.