Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Səlmanı Ağ Evdə qəbul etməyə hazırlaşan ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına “F-35” döyüş təyyarələri satmağa hazır olduqlarını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Məhəmməd bin Səlmanı sabah Ağ Evdə qəbul edəcək ABŞ Prezidenti Donald Tramp “F-35” qırıcıları ilə bağlı açıqlama verib.
“Bunu etməyi planlaşdırıram. Onlar əla müttəfiqlərdir. İrana baxın, onların nüvə qabiliyyətlərini məhv etmək üçün etdiklərimizə baxın. Bəli, bunu edəcəyimizi deyə bilərəm. Səudilərə “F-35”-ləri satacağıq”, - deyə Donald Tramp bildirib.
ABŞ Prezidenti daha əvvəlki açıqlamalarında da Ər-Riyada “F-35” qırıcılarını satmağı nəzərdən keçirdiklərini bildirmişdi.
Qeyd edək ki, Amerika mediasında yayımlanan xəbərlərdə isə bu prosesin bəzi çətinliklərinin olduğu və xüsusilə İsrailin bu cür satışa razı olmadığı barədə fikirlər yer alıb.