Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. İki qardaş ölkəni ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir. Münasibətlərimizin inkişafına təsir edən digər mühüm amil Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir.
Bu reallıqlar bu günlərdə dövlət başçısı İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində, həmçinin Özbəkistana səfəri çərçivəsində iştirak etdiyi Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında bir daha diqqətə çatdırıldı. Cənab İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini əsaslı şəkildə açıqladı. Bildirdi ki, iqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur və onun səviyyəsinin daha da artmasına kömək edir. Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir.
Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə - Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir.
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır.
Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.
Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir. Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.
Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Cənab İlham Əliyev qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığını bildirdi. Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub.
Cənab İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında da bu məqama xüsusi diqqəti yönəldərək bildirdi ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir. Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır. Prezident İlham Əliyev onu da qeyd etdi ki, Özbəkistan qardaşım Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə inkişaf və quruculuq yolunda inamla irəliləyir. Onun güclü beynəlxalq nüfuzu, səmərəli iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi irimiqyaslı layihələr Özbəkistanı regionda lider mövqeyə yüksəldib. Prezidentin gündəlik qayğısı sayəsində Özbəkistan dünyanın aparıcı idman dövlətləri sırasında yer alıb. Bu yaxınlarda keçirilən Yay Olimpiya Oyunları bunu əyani şəkildə nümayiş etdirdi. Şavkat Mirziyoyev müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır. O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır.
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.