AZ

Anar Nəbiyev: Qardaş ölkə və etibarlı müttəfiq



Son illər dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri davamlı  xarakter alıb. Bu isə öz növbəsində ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarır. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Özbəkistandır.  Prezident İlham Əliyev bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində keçirilən  Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında möhkəm təmələ əsaslanan iki qardaş ölkənin münasibətlərinin ayrı-ayrı sahələr üzrə uğurlu inkişafını diqqətə çatdırdı.

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir. Münasibətlərimizin inkişafına təsir edən digər amil Özbəkistan Prezidenti Şavkat  Mirziyoyev ilə cənab İlham Əliyev arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir. Dövlətimizin başçısı Özbəkistan  Prezidentinin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğuladı. O da qeyd edildi ki, Özbəkistan  Şavkat  Mirziyoyevin müdrik rəhbərliyi ilə inkişaf və quruculuq yolunda inamla irəliləyir. Onun güclü beynəlxalq nüfuzu, səmərəli iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi irimiqyaslı layihələr Özbəkistanı regionda lider mövqeyə yüksəldib. Prezidentin gündəlik qayğısı sayəsində Özbəkistan dünyanın aparıcı idman dövlətləri sırasında yer alıb. Bu yaxınlarda keçirilən Yay Olimpiya Oyunları bunu əyani şəkildə nümayiş etdirdi. Şavkat Mirziyoyev müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır. O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır.

Keçən ilin avqustunda cənab İlham Əliyevin Özbəkistana, bu ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu.  Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.  2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır.

Bu günlərdə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir.

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Belə ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Azərbaycan-Özbəkistan dostluğu, qardaşlığı türk dünyasının birliyinə böyük töhfədir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri




Seçilən
9
1
aia.az

2Mənbələr