AZ

Allaha dua etmişdi ki, oğlunu yaşatsın, onun canını alsın – Aşıq Yediyar nələrlə yadda qaldı?

Xəbər verdiyimiz kimi, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib. O, müalicə aldığı Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində dünyasını dəyişib. 66 yaşlı aktyor bir müddətdir Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurdu və qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkirdi.

Musavat.com xəbər verir ki, Yadigar Məmməd oğlu Muradov 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında fəaliyyət göstərdikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə başlayıb və 1990-cı ilə qədər burada aktyorluq və səhnə danışığından dərs deyib.

1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılanda Yadigar Muradov teatrın direktoru təyin edilib və ömrünün sonunadək bu vəzifəni icra edib.

2024-cü ilin yanvarında Yadigar Muradovun orqanizmində xərçəng xəstəliyi aşkarlanıb. Aktyor xəstəliyi barədə danışarkən deyirdi:

“Vətən müharibəsi zamanı oğlum ABŞ-dən gəlib döyüşlərdə iştirak etdi. Həmin günləri çox güclü stress keçirirdim. Deyirdim, ay Allah, əgər onu öldürəcəksənsə, məni öldür, o yaşasın. Allah onu yaşatdı, evləndirdim, övladı oldu. İndi də növbə mənimdir. Xəstələnməyimi təbii qəbul edirəm. Qismətimdə nə qədər ömür varsa, onu da yaşayacağam”.

yadig-1615971366.jpg

Aktyor xəstəliyini təsadüfən öyrəndiyini də deyirdi:

“Kiçik oğlumu Şuşa poliklinikasında müayinəyə aparmışdım. Getmişkən orada özümü də müayinə etdirdim. Həkim baxıb dedi ki, qalxanabənzər vəzlərdə problem var, onu yoxlatmaq lazımdır. Üç-beş həkimə gedib yoxlatdırdım, analiz verdim. Cavabları Türkiyəyə kimi göndərdim. Dedilər, boğazında limfa düyünləri metastaz verir, təcili əməliyyat olunmalıdır. Həkim Əziz Əliyev dekabrın 23-ü məni əməliyyat etdi. O, səs telimə gedən siniri kəsmək məcburiyyətində qaldı. Çünki onu götürməsəydi, xəstəlik yenidən inkişaf edə bilərdi. Bununla da vokal səsim işinin dalınca getdi. “Sənsiz” romansını oxuyan adamın indi səsi güclə çıxır”.

Sənətkar səs imkanını itirsə də, sənətə bağlılığını itirmədiyini deyirdi və həmin dövrü belə təsvir edirdi:

“Əl çəkmişəm canımdan. O qədər başımı itirmişəm ki, adım çıxıb yadımdan.

Xankəndidə futbol oyunu zamanı çox kövrəldim. Oradakı günlərim yadıma düşdü. Azərbaycanın himni səslənirdi. Mənim də səsim çıxmır, not tuta bilmirəm. Bir də gördüm necə həvəsə gəlmişəmsə, özümdən asılı olmayaraq: “Sən olasan Gülüstan, sənə hər an can qurban” - deyib öz-özümə zümzümə edirəm”.

yadig-1615971259.jpg

Sənətkar xəstəliyinə baxmayaraq, teatra bağlılığını heç vaxt itirmədiyini vurğulayırdı. Aktyor Şuşa teatrının yaranması tarixini xatırlayaraq deyirdi:

“Bizim teatr 1990-cı ildə yarananda müvəqqəti olaraq Şuşa rayon Mədəniyyət Evinin binasında yerləşmişdik. Mədəniyyət Nazirliyi tikinti briqadası göndərmişdi, orada səhnə üçün lazım olan şərait qurulmuşdu. Teatr binasının tikilməsi üçün layihə hazır idi. Ancaq şəhərin işğal olunması ilə bütün işlər yarımçıq qaldı. Şuşada tamaşa oynamaq bizə qismət olmadı, açılışı Bakıda etməyə məcbur qaldıq”.

Yadigar Muradov Qarabağa səfəri və illər sonra öz evinə qayıdışı barədə də danışmışdı:

“Mənim Şuşada üçmərtəbəli böyük evim var idi. Həmin ev salamatdır. Şuşanın girişindəki sanatoriyanın qarşısında yerləşir. Evimin birinci mərtəbəsində erməni keşiş yaşadığına görə onu dağıtmayıblar. İkinci mərtəbəni hərbi komissarlıq edibər. Şuşaya qayıtsaq, teatrımızın binası tikilənə kimi müvəqqəti mənim evimdən istifadə etmək olar. Otaqları böyükdür. Prezident Şuşanı mədəniyyət paytaxtı elan edib. Yəqin ki, istifadəyə verilən ilk məkanlardan biri də bizim teatrın binası olacaq”.

yadig-1615971298

“Qulp”un Aşıq Yediyarı

Yadigar Muradov geniş tamaşaçı auditoriyasına ANS-in məşhur “Qulp” verilişində yaratdığı “Aşıq Yediyar” obrazı ilə tanış idi. Uzun illər bu verilişdə müxtəlif satirik personajlar yaradan aktyor həmin dövrdə cəmiyyətin diqqətində olan məsələlərə yumor və satira ilə yanaşmasıyla yadda qalmışdı. Xüsusilə keçmiş Qarabağ münaqişəsinin uzanmasına həsr etdiyi mahnılar və çıxışlar böyük rezonans doğururdu.

Yadigar Muradov ailəli idi və üç övladı var. Oğullarından biri – Yaşar Muradov Salyan Dövlət Kukla Teatrının direktoru, digər oğlu Üzeyir Muradov isə həkimdir.

Azərbaycan teatrı özünəməxsus üslubu, səmimiyyəti və təvazökarlığı ilə sevilən bir sənətkarını itirdi. Onun sənət irsi, yaratdığı obrazlar, rəhbərlik etdiyi teatr və öyrətdiyi yüzlərlə tələbə ilə xatirəsi yaşayacaq.

582737071_24991544160514706_8641259220221626150_n.jpg

Şahanə Rəhimli
Musavat.com

Seçilən
40
1
musavat.com

2Mənbələr