AZ

“ABŞ ın Rusiyaya sanksiyaları iqtisadi çöküşü sürətləndirə bilər” SİYASİ ŞƏRHÇİ

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Prezident Donald Trampın təsdiqindən sonra ABŞ Konqresi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxaracaq.

Bu barədə respublikaçı senator Lindsi Qrem sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Mən çox şadam ki, Konqres prezident Trampın dəstəyi ilə Rusiyaya qarşı sanksiya qanun layihəsi üzərində işləyəcək və iki partiyanın böyük dəstəyi var”.

Qrem qeyd edib ki, sənəd təsdiq olunarsa, Amerika liderinə Rusiyadan neft və qaz almağa davam edən ölkələrə ikinci dərəcəli sanksiyalar və tariflər tətbiq etməyə imkan verəcək.

Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə mövzunu belə şərh edib:

“ABŞ Rusiyaya qarşı sanksiyaları daha da genişləndirir. Növbəti sanksiya paketi senator Lindsi Qrem tərəfindən apreldə irəli sürülmüş və Rusiya ilə enerji-neft-qaz sahəsində əməkdaşlıq edən ölkələrə 500 faizlik tarif tətbiqini nəzərdə tutan planın qəbul edilməsidir. Vladimir Putinin müharibəni dağıdıcı formada davam etdirməsi və Avropanın təhlükəsizliyini açıq şəkildə təhdid etməsi ABŞ prezidenti Donald Tramp administrasiyasını daha sərt addımlar atmağa vadar edir. Rusiya Trampın atəşkəs təklifini qəbul etmədikdən sonra Qərbə qarşı müharibə strategiyasını davam etdirdi.

Bu sanksiyalar “Lukoyl” və “Qazprom” kimi nəhəng Rusiya enerji şirkətlərinin xarici aktivlərinə və səhmlərinə ciddi zərbə vurur. Gələn ildən ABŞ Ukraynaya öldürücü və hücum xarakterli silahların verilməsinə gedə bilər. Çünki Rusiya aqressiv siyasətindən geri çəkilmir, Ukraynanın işğalını davam etdirməklə post-Sovet məkanında təsirini genişləndirməyə, həmçinin Şərqi Avropanı öz nüfuz dairəsinə daxil etməyə çalışır”.

Siyasi şərhçi qeyd edib ki, senator Lindsi Qremin qətnaməsi qəbul olunduqdan sonra Rusiyada iqtisadi resessiyanın dərinləşəcəyi qaçılmazdır:

“Bununla belə, iqtisadi çöküşün Rusiyanın hərbi maşınını dərhal dayan­dırması gözlənilmir. Rusiyanı yalnız cəbhə xəttində kütləvi hücum və müdafiə silahları ilə durdurmaq mümkündür.

Rusiyanın strateji məğlubiyyəti Putinin siyasi fiaskosuna gətirib çıxara bilər. Bu isə Rusiya siyasi elitasında hakimiyyət uğrunda çəkişmələri gücləndirəcək və dövlətin zəifləməsini sürətləndirəcək. Mövcud gedişata əsasən Rusiyanı ötən əsrin 90-cı illərinə bənzər yeni bir böhran dövrü gözləyə bilər”.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
2
icma.az

3Mənbələr