“Sabunçu Rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudova tam qanunsuz bir qərar çıxarıb. Yazır ki, 11 metr yolun bir hissəsindən kiməsə yol verməliyəm. O yolun eni də, yolun üzərindəki darvazanın eni də 8 metrdir. 8 metr yoldursa, bu 11 metr hardan çıxdı? Hakim gözünü yumub qərar çıxarıb! Bir baxmır ki, ona verilən sənədlər Abşeron rayonuna aiddir. Sabunçu məhkəməsində oturub Abşeron rayonunda verilən sənədi “dirildir”. Bəs bu hakim hansı məhkəmənin hakimi olduğundan xəbərsizdir? Özünü Abşeron məhkəməsinin hakimi bilir?
Bu cür qanunsuz, əsassız qərarlarla mənim başımı qatırlar. Həqiqət Mahmudova Rəsul Quliyevin ortalıqda gəzən ən yaxın adamının yoldaşıdır”.
Bu sözləri Musavat.com-a Hacı Qalib Salahzadə deyib.
Onun sözlərinə əsasən, illərdir ki, ən müxtəlif şəxslərin vasitəsi ilə Rəsul Quliyev və general Rəhim Quliyev onun torpağını əlindən almaq istəyirlər:
“Rəhim Quliyev bir “peşka”nı verib qabağa, onun arxasında gizlənir. Rəhimin oğlu da Konstitusiya Məhkəməsinin hakimidir. Dəfələrlə ata-bala yanımda olublar, başa salmışam ki, bura Sabunçu rayonunun ərazisidir, onlara isə Abşeron sənəd verib. Yəni həmin sənədlər qanunsuzdur. Gedib Sabunçu məhkəməsindən də qanunsuz qərar alıblar, istəyirlər ki, mən də o qanunsuz qərarı icra edim.
Belə qərarlar çıxarıldığı andan qərəzli, qanunsuz, əsassızdır. Hakim ədalətli, qərəzsiz, tərəfsiz olmalıdır. Həqiqət Mahmudova isə çıxardığı qərarla sübut edir ki, ədalətsizdir, mənə qarşı həyat yoldaşına görə qərəzlidir, həm də tərəfkeşlik edir. Bu adamların əlindəki sənəd 2016-cı ildə verilib. Mənim çıxarışım isə 2012-ci ildə verilib. Bu adamlara sənədi qanunsuz olaraq Abşeron rayonu verib. Halbuki o ərazi Sabunçu rayonuna aiddir. Mənə də çıxarışı Sabunçu rayonu verib. Mən hərracda iştirak edib torpağı almışam. İndi də torpağımı əlimdən almaq istəyirlər.
Ağasif Şakiroğlu öz dəstəsi ilə Qod Nisanovu da aldadıb. Məhkəmə gedə-gedə Bilgəhdə evlərim olan ərazinin aşağı hissəsini Qod Nisanova satıblar. Nisanovun adamları mənə zəng edib, onun adından dedilər ki, guya bu yeri Qod Nisanov üçün başqa vəzifəli şəxsdən alıblar. Kimi aldadırsınız? Vəzifəli şəxs torpaq satır? 30 ildir, bu söhbət gedir. Ağasif Şakiroğlu guya Rəsul Quliyevin nümayəndəsidir. Rəsul Quliyevin qızı Bakıya gəlib ki, pulu aparsın.
Rəsulun qızı kimdir ki, Ağasif Şakiroğlu onu dövlət xadimi kimi təqdim edir? Bu işlərə cavabdeh olanlar hara baxırlar? Camaat Ramiz Mehdiyevdən danışır, halbuki hamınız bilirsiniz, Rəsul Quliyev ondan da böyük vətən xainidir, 2005-ci ildə işarə gözləyirdi ki, dövlət çevrilişi etsinlər”.
Hacı Qalib Salahzadə ona Ramiz Mehdiyevin də ən müxtəlif vasitələrlə təzyiq göstərdiyini, sonda özünün bəlaya gəldiyini deyib:
“Zakir Qaralov, Rüstəm Usubov həmin vaxt birbaşa Ramiz Mehdiyevin göstərişi ilə mənim boynuma 8 ölüm işi qoymuşdular. Müstəntiq Arzu Quliyev deyirdi ki, sənin işini bitirib həbsxanaya göndərəcəyəm, Zakir Qaralov mənə söz verib. Dedim ki, məni buraxacaqlar, səni isə işdən çıxaracaqlar. Elə də oldu. Mənim barəmdə 5 maddə ilə cinayət işi qaldırmışdılar.
Ramiz Mehdiyev Qurban bayramı günü adam göndərib, kirayədə yaşayan kiçik oğlum Əlihüseyni evdən çıxarıb, əvvəlcə anasını təhdid ediblər, oğluma yumruq vurublar ki, 60 manat “supulu” borcunuz var. Qurban bayramı günü oğlumu Ramiz Mehdiyev həbs etdirib. İndi də Qod Nisanovu ortaya atıblar. Ramiz Mehdiyev çalışıb ki, mənim kimi adamları dövlətdən narazı salsın. Oğlum gəlib demişdi ki, ata, səni 26 apreldə həbs edəcəklər. Dedim ki, oğlum, qələt edirlər, Ramiz də qələt edir, Zakir də, Rüstəm də. Məni bir nəfər həbs etdirə bilər. O isə məni tanıyır. Bilir ki, xəyanətkar deyiləm. Onlar kimi pul xatirinə dostlarıma xəyanət etməmişəm. Kişi kimi yaşamışam, kişi kimi də öləcəyəm. Gərək, Ramiz Mehdiyevə bu yaşında bütün bunlar olunaydı, Hacı Qalib də ürəkdən sevinəydi. Mən Allahın gücünü bilirəm. Bilirəm ki, Allah belə adamları mütləq cəzalandıracaq”.
Ramiz Mehdiyevin Prezident Administrasiyasında işə götürdüyü xadiməni belə qovmaq lazımdır. Çay paylayan adamı icra başçısı qoyub. Mən bu günü gözləyirdim. Cənab Prezidentin müharibəyə başı qarışmışdı, bunlar da əl-qol açmışdılar. Cənab Prezidentin çörəyini yeyib, Prezident bunun üçün nə istəsən, edib... Ramiz isə altdan-altdan xəyanət edib.
2010-cu ildə mən deputat seçiləndə Ramiz Mehdiyevlə Zeynal Nağdəliyev məni kabinetlərinə dəvət etdilər. Dedilər ki, fikirləşirik, sənə deputat olmağa icazə verək, ya yox. Ramiz Mehdiyev mənimlə elə danışırdı, elə bil, ölkənin rəhbəridir. Sonra parlamentdəki qohumlarından biri yaxınlaşdı ki, səni kişinin yanına aparım. Bəyəm bunlar bilmirlər ki, mən kiməm, qabiliyyətim nəyə çatır? Ramiz Mehdiyevlə heç vaxt görüşməmişəm. Həyatımda iki dəfə Mehdiyevi görmüşəm. Özü qapıma gəldi, Bilgəhdəki torpaqlardan istədi, mən vermədim. Elə buna görə 1994-cü ildən mənimlə düşmən olub. Zakir Qaralova da torpaq vermədim. Hasarlamışdı, sökdüm. İndi də Azərbaycanda adam tapa bilmədilər, Moskvadan Qod Nisanovu gətiriblər? Düşünüblər ki, Nisanov milyarderdir, Hacı Qalib ondan qorxar”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com