"Turan Tovuz" gözləniəndən daha çox ziyana düşüb.
Tovuz şəhər stadionunun yeni istifadəyə verilmiş təbii öt örtüyü Premyer Liqanın X turunun "Şamaxı" ilə matçında (2:1) ciddi zədələnib.
"Turan" rəhbərliyinin yenidən 150 min manat xərc çəkib qazonu yeniləməsi proqnozlaşdırılsa da, məsrəf bundan çox çıxıb. Söhbət təqribən 250 min manatdan gedir.
Əraziyə xeyli sayda texnika cəlb olunub. Rayon ərazisində tikilməsi planlaşdırılan bazada işlər bu üzdən yarımçıq dayandırılıb. Əldəki bütün vasitələr bura cəm edilib.
Digər tərəfdən, zərbə klubun akademiyasında çalışan işçilərə və məşqçilərə dəyib. Onlar 3 aya yaxındır maaş üzünə həsrət qalıb.
İdarə Heyətinin sədri Ehtiram Quliyev bütün gücünü əsas komandanın saxlanılmasına və qazonun yenilənməsinə sərf etdiyindən, uşaq futboluna diqqəti minimum səviyyəyə endirib.
Hazırda klub rəhbərliyi noyabrın sonunda XIII tur çərçivəsində Tovuzda keçiriləcək "Neftçi" ilə matç üçün qazonu hazır vəziyyətə gətirməyə çalışır.
Onu da bildirək ki, stadionun qazonuna cavabdeh olan britaniyalı Fil Şarples qazonun "Şamaxı" ilə matça hazır olmadığını bildirsə də, klub rəhbərliyi risk alaraq, bu matçı Bakıda yox, doğma azarkeş dəstəyi önündə keçirmək istədiyini israrla vurğulayıb.
Ehtiram Quliyev "Turan Tovuz"un sabiq baş məşqçisi Ayxan Abbasovla prinsipial olan matçda yerli publika önündə qalib gəlmək istəyib.
Nəticəsi də bəllidir. Çəkilən əziyyət hədər gedib və klub külli miqdarda ziyana düşüb. İndi sual doğur: bu prinsipiallığa və bu 3 xala görə bu qədər ziyana düşməyə dəyərdimi?
Əlbəttə, yox. O, başqa məkanda "Şamaxı"ya uduzacaqlarını ehtimal etdiyi üçün bu addımı atib.
Hətta Fil Şarplesə xəbərdarlıq edib ki, qazonu öncədən nəzərdə tutulan vaxt təhvil verməsə, məhkəməyə üz tutacaq, ona məxsus şirkətin cərimələnməsinə dair tələb qaldıracaq.
"Turan Tovuz" stadionunun qazonunun sünidən təbiiyə keçirilməsi müddətində ev oyunlarını "Qarabağ"a məxsus "Azərsun Arena"da keçirib.
SPORTİNFO.AZ