AZ

Lahıc və Basqal qoruqları: Bərpa, sənətkarlıq və turizm bir arada

Prezidentin səfərindən sonra aparılan işlər: Qoruqlardakı yeniliklər media nümayəndələrinə tanıdılıb

İsmayıllı, 18 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Basqal” və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını geniş auditoriyaya təqdim etmək, həmçinin qoruqlarda turistlər üçün yaradılan şərait, həyata keçirilən layihələr və bərpa işləri barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib ki, Dövlət Turizm Agentliyi “Basqal” Qoruğunda tarixi və mədəniyyət abidələrinin bərpası, konservasiyası, abadlaşdırılması, ənənəvi xalq sənətkarlığının dirçəldilməsi və turizm infrastrukturunun formalaşdırılması istiqamətində mühüm layihələr həyata keçirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Basqal qəsəbəsinə səfər edən media nümayəndələrinə əvvəlcə qəsəbə haqqında məlumat verilib. Mərkəzi küçə boyunca hərəkət edən jurnalistlər tarixi memarlıq nümunələrinin qorunması və qəsəbənin qədim görünüşünün bərpası, restavrasiya və konservasiya işləri ilə tanış olublar.

Daha sonra qəsəbənin bazar meydanına baş çəkən jurnalistlər qədim məscid, tarixi hamam və digər abidələrə baxıblar. Basqal sənətkarlarının misgərlik, toxuculuq və digər ənənəvi sənət nümunələri media nümayəndələrinin xüsusi marağına səbəb olub.

Səfərin davamında jurnalistlər Basqalın məşhur kəlağayı sexinə gedərək kəlağayıların hazırlanma prosesi — parçanın emalı, rənglənməsi və naxışlanması ilə yerində tanış olublar. Sənətkarlar bu qədim sənətin qorunması üçün görülən tədbirlər barədə geniş məlumat veriblər.

Xatırladaq ki, 2022-ci il avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfərləri çərçivəsində “Basqal” Qoruğu ərazisinə də baş çəkib, burada aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Günün ikinci yarısı media nümayəndələrinin səfəri “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda davam etdirilib. Qoruq rəhbərliyi bildirib ki, Lahıc və Ərəgit kəndlərini əhatə edən 80 hektarlıq ərazidə dövlət qeydiyyatına alınmış 102 tarixi və mədəniyyət abidəsi qorunur. Bu abidələr sırasında su dəyirmanı, qədim körpü, üç hamam, beş məscid, səkkiz daş sütun və onlarla tarixi yaşayış evi var.

Qeyd edilib ki, Lahıc qoruğu ərazisində 30-a yaxın ənənəvi sənətkarlıq sahəsi inkişaf edib. Qəsəbənin mərkəzi Böyük bazar küçəsi isə sənətkarlar məhəlləsi kimi tanınır. Burada yerləşən misgərlik dükanları, emalatxanalar və suvenir məkanları turistlərin əsas diqqət mərkəzindədir. Qonaqlar burada yalnız məhsul almaqla kifayətlənmir, sənətkarların iş prosesini canlı izləmək imkanı da əldə edirlər. XIX əsrdə 52 misgərlik dükanı ilə şöhrət qazanan Lahıc bu gün də mis məmulatlarının istehsalında öz ənənəsini uğurla davam etdirir. Dəri məmulatlarının istehsalı isə Lahıcda misgərlikdən sonra ikinci ənənəvi peşədir. 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Mediatur çərçivəsində jurnalistlərə Lahıc qoruğunda aparılan bərpa-quruculuq işləri barədə də məlumat verilib. Qoruq evinin inşasının tamamlanmaq üzrə olduğu, turistlər və yerli əhali üçün yeni parkinq zonasının salındığı, geniş abadlıq işlərinin aparıldığı bildirilib. Səfər zamanı media nümayəndələri qoruğun tarixi daş küçələrini gəzib, Bəndəvan məscidini, Hacı Gəray bulağını, “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib, misgərlik və dəri işləmə sənəti ilə məşğul olan ustaların iş prosesini izləyiblər.

Seçilən
56
1
azertag.az

2Mənbələr