AZ

Şahruddin qədər səmimi ola bilməsək...

Yeni mövsümün ilk turunda “Şamaxı” “Neftçi”yə qonaq gəlmişdi.

Onda hələ Ayxan Abbasov klubu ilə yanaşı, U-21-də çalışırdı, əsas yığmaya təyinat almamışdı. 1:1 hesabıyla bitən oyundan sonrakı mətbuat konfransında Ayxan bəyə yeni limitlə bağlı sual ünvanladım. Çünki yerli futbolçuların meydanda azlığı mənim kimi onu da narahat etməliydi. Hiss etmək çətin deyildi ki, tezliklə həm gənclər yığmasında, həm də əsas millidə oynatmağa futbolçu tapmayacağıq. Ayxan bəy də bunu görməli və narahatlıq keçirməliydi. Amma cavabından bunu hiss etmədim, hadisələrin axarını izləməli olduğumuzu, AFFA-nın verdiyi qərarın nəticəsini sonra müzakirə etməyin vacibliyini bildirdi.

Mövsüm hələ başa çatmasa da, ilk dövrəni arxada qoymuşuq. Əsas yığmamız seçmə mərhələni də başa vurub. Mənim üçün vəziyyət aydındı. Mövsümün əvvəlində necə proqnozlaşdırmışdımsa, hər şey də ona uyğun ssenari ilə davam edir. Premyer-liqada əcnəbilər “meydan sulayır”. Əsas heyətdə azərbaycanlı futbolçu görəndə sevinirik. Şahruddin Məhəmmədəliyev Ukrayna ilə oyunda sarı vərəqə alıb, cəzalı duruma düşəndə ölkə olaraq hamımızın “gəmiləri batdı”. Bizi dərd götürdü ki, İslandiya və Fransaya qarşı keçirəcəyimiz oyunlarda Ayxan Abbasov “çərçivə”ni kimə tapşıracaq?! Başqa vaxtı Şahruddini bəyənmirik. Amma baxdıq gördük ki, 10 milyon əhalisi olan ölkədə dağıstanlını əvəzləyəcək qapıçımız yox imiş.

Yerli qapıçıların səviyyəsini şübhə altına almaq istəmirəm. Aydın Bayramova da, Səlahət Ağayevə də, Rza Cəfərova da böyük hörmətim var. Lakin bu hörmətim belə acı reallığı dəyişə bilməz. Həmin reallıq da ondan ibarətdi ki, Rzaya, Aydında “Neftçi” ilə “Zirə”də şans verilmir, “çərçivə” onlara etibar edilmir. Səlahət Ağayev “Qəbələ”də müntəzəm meydana çıxırsa, Rəşad Sadıqov Aydını o vaxt xatırladı ki, Şahruddin cəzalı duruma düşdü. Yenə sağ olsun, Samir Abasov milli komandaya onun qədər həssas yanaşmadı. Rza “Neftçi”nin heyətində heç MOİK və “Kəpəz” kimi komandalara qarşı fa oynamadı. Sanki Abasov Cəfərovu bir qapıçı kimi siyahıdan silib. Bu problem başqa söhbətin mövzusu olduğundan qayıdaq öz mövzumuza.
Mövzu da ondan ibarətdi ki, futbolumuz ciddi böhranla üz-üzədi. Nəinki Şahruddini əvəzləməyə qapıçımız yoxdu, heç milliyə dəvət etməyə 23 normal futbolçu tapmırıq. Və bir də onu gördük ki, Şahruddin təkcə “çərçivə”də etibarlı olmaq üçün əlindən gələni etmir. O həm də Azərbaycan futbolunun, yerli futbolçuların təəssübünü çəkir, lazımı məqamda yetərincə cəsarətli sözlər deyə bilir.

Çox təəssüf ki, məşqçilərimizin, klub idarəçilərinin əksəri onun qədər cəsarətli və səmimi ola bilmir. Şahruddinin dediklərinin qısa bir hissəsini xatırlayaq:
“Turan Tovuz” meydana 11 legionerlə çıxır, əksər klubların start heyətində 9-10 legioner yer alır. Getdikdə vəziyyət daha pis olacaq. Kimsə düşünürsə ki, yaxşı olacaq, yanılır. Getdikcə vəziyyət daha da pisləşəcək. Mən tunelin sonunda işıq görmürəm. Hamı özününkünü düşünür. Xorvat fikirləşir ki, eyni səviyyədə futbolçum varsa, neynirəm azərbaycanlını? Amma bizdə əksinədi. Eyni səviyyəli yerli və legioner seçimində prioritet əcnəbi olur”.
Görək Ayxan Abbasov oyundan sonra nə deyib. Sitat:
“Futbolçular klubda daim oynasalar, millidə çətinlik çəkməyəcəklər. Fikrimiz var, danışırıq. Bəzi detallar var, gələcəkdə tam aydın olacaq. Klubların da üzərinə iş düşür. Futbolun inkişafından danışırıqsa, belədi. Uzun söhbətdi. Qısa vaxtda demək lazımdısa, əl-lə verməliyik. Futbolun inkişafı tək AFFA-dan asılı deyil. Gənclər klubda yetişir. Bunu da bilirik. Təəssüf ki, addımı yavaş atırıq”.
Yox, Ayxan bəy. Biz addımı yavaş atmırıq, heç irəli addımlamırıq da. Hətta geriyə gedirik. AFFA limiti ləğv edəndən sonra uşaq akademiyaları heç kimin yadına da düşmür. Heç düşməyəcək də. Bir qrup işbaz klub rəsmisi menecerlərlə əlbir olub, yararsız legionerləri çempionatımıza doldurur, normal uşaq futbolu görməyən yerlilər də onların əvəzedicisi kimi itib-batır. Reallıq bundan ibarətdi.

Şahruddin kimi səmimi ola bilməsək, irəlidə bizi daha pis günlər gözləyir. Bu gün Ayxan Abbasovu alqışlayanlar da sabah onu da qurban verəcəklər. Çünki işlərinə elə gəlir. Zamanında qəflət yuxusundan ayılmaq lazımdı, sonra gec olacaq.

AMAL
Seçilən
39
1
football-plus.az

2Mənbələr