Havaların soyuması ilə soyuqdəymə və qrip hallarının artması müşahidə olunur. Bu zaman bir çox insan burun tutulmasını aradan qaldırmaq üçün "Naftizin" kimi damcılara müraciət edir.
Bəs bu dərmanın hansısa mənfi tərəfləri varmı?
Mövzu haqqında Redaktor.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirdi ki, soyuqdəymə, qrip halları hazırda çoxalıb:
""Naftizin"dən danışsaq, o, burun damarlarını sıxır və bununla da artıq burun axıntısı dayanır. Nəfəs alma prosesi sürətlənir, bu baxımdan "Naftizin" yaxşıdır. Amma ən çox rast gəlinən əks təsirlər burunda quruluq, yanma hissidir. Çox istifadə etdikdə asılılıq əmələ gələ bilər. Dərmanın təsiri bitdikdən sonra burun daha da çox tutula bilər ki, bu isə çox müşahidə elədiyimiz vəziyyətdir".
Həkim vurğuladı ki, burunun selikli qişasının zədələnməsi və iltihabi prosesi, yəni xroniki rinit əmələ gələ bilər:
"Daha ciddi hallarda isə baş ağrısı, ürək döyüntüsünün sürətlənməsi, qan təzyiqinin qalxması, yuxusuzluq, əsəbilik, uşaqlarda isə huşun itməsi və yaxud da ki, tənəffüsün dayanması və s. müşahidə olunur. Vəziyyət pis olduqda gün ərzində bir-iki dəfə istifadə etmək kifayətdir. İnsanlar bundan çox istifadə etməsinlər ki, bu yan təsirlərlə də üzləşməsinlər".
Aytəkin TOFİQQIZI