AZ

Prezidentin qızları və gəlini "Gülçöhrə və Əsgər" tamaşasının premyerasında

Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva iştirak edib, tamaşanı izləyiblər.

Publika.az xəbər verir ki, "Gülçöhrə və Əsgər" ikihissəli musiqili dramı dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin davamıdır.

Yeni səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev jurnalistlərə açıqlamasında tamaşaya fərqli yanaşma olunduğunu diqqətə çatdırıb. "Bu əsər "Arşın mal alan"dan fərqli olaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçını daim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərli təcrübə oldu", - deyə bəstəkar əlavə edib.

Həm "Arşın mal alan", həm də "Gülçöhrə və Əsgər" tamaşalarında Əsgər obrazının ifaçısı, Prezident mükafatçısı Səmədzadə Xasiyev vurğulayıb ki, rolların ikisi də xarakterikdir. Yaradıcı heyətin tamaşa üzərində uzun müddət çalışdığını bildirən aktyor deyib: "Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeni əsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanları yaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcı baxımdan dəyərlidir. Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir".

İkihissəli musiqili dramda Telli obrazını canlandıran Elnarə Nağdəliyeva qeyd edib ki, o, mərhəmətli və şən qadındır. "Obrazın daxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım. Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütün gərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını və bəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isə Fransaya qədər uzanan çətin yola çıxır", - deyə aktrisa əlavə edib.

Seçilən
33
23
publika.az

10Mənbələr