AZ

Küçədə tanışı ilə birgə ağır cinayət törədən şəxslə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə soyğunçuluqda təqsirləndirilən Pərvin Osmanovun barəsindəki qərardan verilən kassasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya protesti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunub.


İttihama görə, Pərvin Osmanov tanışı ilə əvvəlcədən cinayətkar əlaqəyə girərək özgənin əmlakını talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edib.


Belə ki, təqsirləndirilən şəxs 2023-cü ildə, saat 21 radələrində zərərçəkmiş S.V.-ni (adı, soyadı şərtidir) söhbət etmək adı ilə yaşadığı ünvandan çıxmağa razı salaraq onu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Əliyev küçəsi, 5-ci döngənin yaxınlığına dəvət edib. Zərərçəkmiş həmin ünvana gəldikdə Pərvin və onun tanışı tərəfindən əvvəlcədən razılaşdırılmış cinayətkar niyyətə uyğun olaraq hücuma məruz qalıb.


Təqsirləndirilən şəxs və tanışı S.V.-nin əl və ayaq zərbələri ilə vuraraq onun həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edib, bu zaman istintaqla müəyyən edilməmiş bıçaqdan silah qismində istifadə edərək zor tətbiq etməklə ona qarşı basqın ediblər. Hücum nəticəsində zərərçəkmiş şəxsə xəsarət yetirilib.


Daha sonra təqsirləndirilən şəxs S.V.-nin cibindəki 375 manat pul vəsaiti zor tətbiq etməklə talayaraq ona maddi ziyan vurub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti təmin edilməyib, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.


Kamal Məmmədov 

Tarix: 19 Noyabr 2025, 08:17   
Seçilən
85
pravda.az

1Mənbələr