"myGov" platformasının aktiv istifadəçilərinin sayı artıq 800 mindən çoxdur, ümumi istifadəçi sayı isə 2 milyona çatıb.
Teleqraf xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov 9-cu Beynəlxalq Bankçılıq Forumunda bildirib.
O, ölkənin rəqəmsal xidmətlər ekosistemində əldə olunan son nəticələrlə bağlı məlumat verib:
"Maliyyə sektoru ilə dövlətin rəqəmsal infrastrukturunun inteqrasiyasını təmin edən bir neçə məhsul mövcuddur və bu istiqamətdə əsas həllərdən biri "Digital Finans" sistemidir. Hazırda bu sistemə 104-dən çox maliyyə müəssisəsi qoşulub. "Digital Finans" vasitəsilə bu günədək 300 milyona yaxın tranzaksiya icra olunub. Həmçinin hər gün maliyyə sektoru tərəfindən vətəndaşların identifikasiyası məqsədilə 300 mindən artıq məlumat sorğusu göndərilir".
İRİA sədrinin sözlərinə görə, rəqəmsallaşmanın əsas hədəflərindən biri dövlət idarəçiliyində tam kağızsız hökumət modelinə keçiddir. Artıq dövlət qurumları arasında yazışmalar tam elektron formada həyata keçirilir. Bu proses Rəqəmsal Sənəd Dövriyyəsi alt-sistemi vasitəsilə idarə olunur.