Bakı, 19 noyabr. TELEQRAF
Rəqəmsallaşma və nağdsız ödənişlərin payının artması Azərbaycanın maliyyə sektorunda əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilir.
Teleqraf xəbər verir ki, bunu Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, həyata keçirilən islahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu – AZİPS, XÖHKS və AÖS vasitəsilə emal edilən ödəniş əməliyyatlarının dövriyyəsi genişlənməkdə davam edir.
O bildirib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Milli Ödəniş Sistemləri üzərindən həyata keçirilən ödənişlərin həcmi 590 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9.4% çoxdur.
Eyni dövrdə ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların həcmi 72.2 milyard manat olub ki, bu göstərici ötən ilin 3-cü rübü ilə müqayisədə 29.1% artım deməkdir. Bu sürətli inkişaf nağdsız ödənişlərin ümumi ödənişlərdəki payını 4 faiz bəndi yüksəldərək 67.4%-ə çatdırıb.