Azərbaycandakı ödəniş ekosistemi dünyadakı trendlərdən o qədər də fərqlənmir.
Teleqraf xəbər verir ki, bunu “PAŞA Bank" ASC-nin idarə heyətinin üzvü Cəlal Orucov bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, bazara təsir edən müəyyən xüsusiyyətlər var. Hazırda ən önəmli trendlərdən biri beynəlxalq kart ödəniş sistemlərindən asılılığın azalması və ölkə daxilində yeni ödəniş alətlərinin yaradılmasıdır.
Cəlal Orucov qeyd edibki, artıq ölkə daxilində QR ödəniş sisteminin tətbiqi gündəmdədir. Prinsipcə, texniki imkanlar çoxdan mövcuddur, əsas məsələ bunu milli səviyyədə genişləndirməkdir. Digər ölkələrin təcrübəsinə də yaxından baxmışam və demək olar ki, Avropanın bir çox ölkəsində eyni istiqamətdə işlər gedir, yəni daxili suveren ödəniş alətlərinin və ödəniş sistemlərinin qurulmasıdır.
"Təbii ki, bu, beynəlxalq ödəniş sistemlərini tam əvəz edə bilməyəcək. Burada həm texnoloji məhdudiyyətlər var, həm də beynəlxalq ödənişlər üçün qlobal alətlərə ehtiyac qalır. Lakin düşünürəm ki, 2026-cı ildən etibarən beynəlxalq və lokal ödəniş sistemləri arasında ciddi rəqabət yaranacaq. Bu rəqabətin ən böyük faydasını isə ölkə daxilindəki istifadəçilər görəcək", - C. Orucov deyə vurğulayıb.