AZ

® Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

Ölkədə dövlət informasiya sistemləri arasında məlumat mübadiləsini təmin edən Milli Məlumat Mübadiləsi Sistemi – “digital.bridge” üzərindən həyata keçirilən tranzaksiyaların ümumi sayı 2 milyardı ötüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilən sistemə hazırda 80 dövlət qurumu və 180 informasiya sistemi qoşulub.

2021-ci ilin aprel ayından fəaliyyət göstərən digital.bridge dövlət orqanları arasında təhlükəsiz, sürətli və standartlaşdırılmış məlumat axınını təmin edən mərkəzi platformadır. Sistem dövlətin rəqəmsallaşma siyasətinin əsas infrastruktur komponentlərindən biri olmaqla, məlumatların etibarlı şəkildə ötürülməsi və paylaşılmasına şərait yaradır. Bu platforma dövlət orqanları arasında inteqrasiyanı gücləndirir, “bir dəfə təqdim et” prinsipini reallaşdırmaqla vətəndaş və biznes subyektlərinin dövlətlə münasibətlərini sadələşdirir, idarəetmədə çevikliyi artırır. Sistem rəqəmsal xidmətlərin inteqrasiyasını və sabit fəaliyyətini təmin etməklə, dövlət orqanları arasında vahid və fasiləsiz xidmət modelinin formalaşmasını sürətləndirir. Eyni zamanda, milli məlumat infrastrukturunun təhlükəsizliyini qoruyan əsas platforma rolunu oynayır.

Cari ilin yanvar-oktyabr ayları ərzində sistem vasitəsilə 786 milyondan çox məlumat mübadiləsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 89 faiz artım deməkdir. Beləliklə, 2025-ci ildə digital.bridge vasitəsilə həyata keçirilən məlumat mübadilələrinin həcmi əvvəlki illərlə müqayisədə 2-3 dəfə çox olub.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından fəaliyyət göstərən Milli Məlumat Mübadiləsi Sisteminin (digital.bridge) fəaliyyəti Azərbaycan Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı ilə tənzimlənir. Eyni zamanda, sistem Prezident İlham Əliyevin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi ilə də fəaliyyət göstərir.

Seçilən
34
7
azertag.az

8Mənbələr