AZ

30 illik işğalın nəticələrinin aradan qaldırılmasında heç bir beynəlxalq qurum iştirak etmir

Qarabağın işğaldan azad edilməsinin və dirçəlişinin təsdiqi olan Böyük Qayıdış uğurla davam edir. Qayıdış proqramına uyğun olaraq bu gün Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə sözügedən kəndə 15 ailə olmaqla 73 nəfər köçürülüb. Bu köçün nəticəsində Xıdırlı kəndinə qayıdan ailələrin sayı ümumilikdə 555-ə (2195 nəfər) çatacaq. Beləliklə, Xıdırlı kəndi “Böyük Qayıdış” Proqramının uğurla icra olunduğu ünvanlardan birinə çevrilib.

Xatırladaq ki, ötən gün də Xıdırlı kəndinə 15 ailə (57 nəfər) köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib. Eləcə də bu son günlərdə Cəbrayıl rayonunun Horovlu kəndinə, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərinə, Ağdərə rayonunun Vəngli kəndinə, Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb. Göründüyü kimi işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə paralel surətdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma yurdlarına qayıdışı təmin olunur.

“Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına 2020-ci ilin sonundan indiyə qədər 17,6 milyard manat vəsait xərclənib. 2026-cı ilin büdcə layihəsinə əsasən, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə 3,5 milyard manat məbləğində vəsait ayrılacaq. Beləliklə, azad olunan ərazilərimizdə son illərdə görülmüş işlər və yuxarıda qeyd olunan büdcə ayırmaları 2026-cı ilin dövlət büdcəsində də əsas xərc prioritetlərindən biri kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramının yer aldığını göstərir. Büdcə imkanlarımız artdıqca, azad edilmiş ərazilərdə quruculuq işləri daha da sürətləndiriləcək və yurddaşlarımızın öz doğma ocaqlarına qayıdışı təmin ediləcək.

Onu da qeyd etməliyik ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri sırf öz dövlətimizin iqtisadi gücü hesabına həyata keçirilir. Erməni vandalizminin ağır fəsadlarının, 30 illik işğalın nəticələrinin aradan qaldırılmasında heç bir beynəlxalq qurum iştirak etmir. Azad edilmiş ərazilərin həm minalardan təmizlənməsi, həm də yenidən qurulması həddindən artıq bahalı proses olmaqla yanaşı, həm də xeyli vaxt aparır. Ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, infrastruktur layihələrinin icrası, eləcə də təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə aid sosial layihələrin həyata keçirilməsi, məşğulluğun təmin olunması uzunmüddətli prosesdir. Eyni zamanda, işğaldan azad olunmuş torpaqların bərpası və dayanıqlı inkişafın təmin olunmasına yönəldilən vəsaitlərin miqdarı hər il artırılmaqla bərabər, həm də bu vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi təmin edilir.

Bu baxımdan “Meydan TV” kimi liberal-qlobalist dairələrin muzdlu sifarişlərini həyata keçirən təxribatçı media qurumlarının absurd iddialar səsləndirərək Qarabağın bərpası işlərinə şübhə yaratmaq cəhdləri və “Böyük Qayıdış” Proqramının icrasının nəticələrinin gözləntiləri doğrultmasını sorğulaması həmişəki kimi qərəzli yanaşmadan başqa bir şey deyil. Onların məqsədi keçmiş məcburi köçkünlərdə çaşqınlıq yaratmaq və azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə kölgə salmaqdır. Bu yolla Böyük Qayıdışa mane olmaq istəyirlər. Ancaq bu cür cəhdlər tamamilə yersizdir. Heç bir kənar qüvvə Qarabağın bərpasına və Böyük Qayıdışa mane ola bilməz.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Seçilən
15
2
ictimairey.az

3Mənbələr