BAKI, 19 noyabr. TELEQRAF
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının növbəti iclasında “Mərkəzi Asiya-Çin Formatının Katibliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Asiya-Çin formatı platforma formasında dövlətlərarası strukturdur, onun katibliyi Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən müvafiq təsis sənədləri imzalanmaqla yaradılır.
Qeyd edilib ki, diplomatik dialoqun bu forması dövlətlər arasında əməkdaşlığı yeni səviyyəyə çıxarmaq, qarşılıqlı hörmət və etimada əsaslanan çoxəsrlik dostluq və tərəfdaşlıq tellərini möhkəmləndirmək, əməli əməkdaşlığı genişləndirmək məqsədilə yaradılmışdır.
Mərkəzi Asiya-Çin formatında katiblik 2023-cü il mayın 19-da iştirakçı dövlətlər tərəfindən qəbul edilmiş Sian Bəyannaməsinə uyğun olaraq yaradılır.
Katiblik iştirakçı dövlətlərin sammitlərinin və xarici işlər nazirlərinin görüşlərinin təşkilati, texniki və informasiya təminatına cavabdeh olan formatın icraedici orqanıdır.
Qanun layihəsi Mərkəzi Asiya-Çin formatında katiblik haqqında Əsasnamənin təsdiqini nəzərdə tutur.
İclasda vurğulanıb ki, bu qanun layihəsinin qəbulu Özbəkistanın Mərkəzi Asiya-Çin formatının katibliyində fəal və sistemli iştirakını təmin edəcək, platforma çərçivəsində milli və regional təşəbbüsləri təşviq edəcək, milli maraqları layiqincə qoruyacaq.
Müzakirələrdən sonra qanun layihəsi Qanunvericilik Palatası tərəfindən qəbul edilərək Senata göndərilib.