AZ

UNEC Asiyanın ən güclüləri sırasında-Bu uğur da kölgədə qaldı-TƏHLİL

Cənubi Qafqazda birinci

Bir müddət öncə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) Azərbaycan təhsil tarixində ilkə imza atdı. Təəssüf ki, UNEC-in uzun illərin gərgin əməyi,  böyük zəhməti nəticəsində əldə etdiyi bu uğur öz miqyas və sanbalının tam əksinə olaraq,  istər ənənəvi, istərsə də sosial mediada o qədər də qabardılmadı. Yalnız elm və təhsil cameəsinə aid, məsələnin fərqinə vara bilən şəxslər olayı çox yüksək dəyərləndirdilər.

Belə ki, planetin ən nüfuzlu reytinq agentliklərindən olan “Times Higher Education” (“THE”) ənənəvi olaraq, “Dünya Universitetləri Reytinqi 2026” -nın nəticələrini açıqladı. “THE” dünya universitetlər reytinqinə bu il ilk dəfə daxil olan UNEC ildırımsürətli yüksəliş sərgiləyərək Azərbaycan universitetləri arasında  birinci yeri əldə etdi. Amma dünya universitetlərinin ilk TOP-1000-liyinə daxil olan UNEC (801-1000-ci yerlər) bu uğur nəticəsində nəinki Azərbaycan, həm də Cənubi Qafqazda reytinq göstəricisinə görə birinci universiteti oldu.

Daha bir uğur

Ötən gün UNEC-in bu uğurlarının silsilə davamı olaraq, Azərbaycan təhsili adına daha bir ilk yaşandı. Belə ki, ən son açıqlanan QS “Dünya Universitetlərinin reytinqi: Dayanıqlılıq 2026” reytinqinə əsasən UNEC Azərbaycanda birinci  yerə yüksəldi. Məsələ bununla da bitmir. UNEC adıçəkilən reytinq sıralamasında dünyada ən yaxşı 726-cı yerə sahibləndi. Qeyd edək ki, həmin sıralamada ümumilikdə cəmi 2001 universitet  iştirak edib. UNEC həmçinin, Asiyada 221-ci (cəmi 825 universitet arasında), Qərbi Asiyada 45-ci (169 universitet arasında)  sırada qərarlaşmağı bacarıb. Reytinqə dünyanın 108 ölkəsinin universitetləri iştirak edib. Qiymətləndirmə ali təhsil müəssisələrinin  ətraf mühitə təsir, sosial məsuliyyət və idarəetmə fəaliyyətləri əsasında aparılıb. UNEC dayanıqlılıq üzrə ölkənin ən yüksək göstəriciyə malik universitet olmaqla bərabər, həm də 3 istiqamətin hər biri üzrə də birinci yerə sahiblənib.

(Mənbə: //www.topuniversities.com/sustainability-rankings...)

 

172743

Mərkəzlər və hədəflər

UNEC-in  bu göstəricilərə nail olmasının səbəbi təbii ki, davamlı şəkildə tətbiq edilən və faydalılığını ildən ilə artıran mexanizmlərdir. UNEC ölkə ali təhsil seqmentində çağdaş dünya universiteti modelini ən yüksək səviyyədə tətbiq edən, dünya universitetlərinin müasir inkişaf xəttini izləyərək onu öz fəaliyyətinə yansıdan tədris ocağıdır. Dünya universitetlərinin çağdaş inkişaf trendlərini fasiləsiz olaraq izləyən UNEC öz iş mexanizmində onlardan bir çoxunun uğurlu tətbiqinə nail oldu.  Məsələn, öz nəzdində bir çox  bir çox profilli mərkəzləri yaradan və ali təhsili çağdaş inkişaf parametrlərini yerli mühitə də gətirən UNEC həm də  sırf bu üstünlüklərin hesabına Cənubi Qafqazda liderdir. Bəzən, yerli universitet mühiti çoxşaxəli inkişaf mexanizminə o qədər də diqqət etməyərək, müxtəlif ixtisaslar üzrə tədris prosesini əsasən nəzəri aspektdən həyata keçirirlər. Bu isə bir çox yeniliklər, əsasən tədqiqat xarakterli  ali tədris modellərinin inkişafının qarşısını alır.

Xüsusən də UNEC-in əldə etdiyi sonuncu beynəlxalq reytinq uğuru çağdaş dövrdə bir universitet mühitinin ən vacib  indikatorlar üzrə hərəkət sxeminin bariz nümunəsidir. Təhsil və tədqiqat keyfiyyətləri ilə yanaşı, UNEC-in ətraf mühitin mühafizəsi, idarəetmə prinsipləri və sosial məsuliyyət kimi meyarlara da xüsusi diqqət etməsi dünya trendləri ilə nə dərəcədə yüksək səviyyədə ayaqlaşa bildiyinin göstəricisidir. Müasir güclü inkişaf modeli təkcə tədqiqat, tədrisin təşkili prinsipləri ilə məhdudlaşmayaraq, bir çox meyarları da tətbiq etməyə çalışır ki, onların da bariz nümunəsi ayrı-ayrı reytinq sıralamalarında özünü göstərir. Bu səbəbdən də UNEC-in bir çox meyarlara görə ölkə üzrə birinci sıralarda dayanması heç də təsadüfi deyil.

Bu inkişaf mexanizminə bariz nümunə olaraq bir neçə detalı təqdim edək.

UNEC-in  dünya ali təhsilinin çağdaş inkişaf trendlərini Azərbaycana gətirdiyini göstərən faktlardan biri də  universitetin nəzdində yaradılan mərkəzlərdir. Nəhəng dünya universitetlərinin inkişaf tarixçəsinə baxsaq, müxtəlif istiqamətli  mərkəzlərin  onların uğurlarında  nə qədər böyük pay sahibi olduqlarını asanlıqla görə bilərik. Bu mərkəzlər universitetin mahiyyət və missiyasını birxətli inkişafdan çıxararaq, çoxqatlı irəliləyiş müstəvisinə yüksəldiblər. Universitet də məhz “UNEC” brendi altında fəaliyyətə başladıqdan sonra bu inkişaf mexanizminə ciddi fikir verməyə başladı. Nəticə də göz qabağında, daha doğrusu, ildən-ilə irəliləyən beynəlxalq reytinq cədvəllərində...

Hazırda UNEC-də 8 böyük mərkəz fəaliyyət göstərir. Bu mərkəzlərin hər biri özlərinin çoxşaxəli iş prinsipləri ilə fərqlənir və bir çox fəaliyyət istiqamətini öz çətirləri altında birləşdirməyi bacarırlar.

Rəqəmsal Tədris Mərkəzi – (“UNEC Exstern”)-  Mərkəz rektor professor Ədalət Muradovun  12 noyabr 2019-cu il tarixli əmri ilə yaradılıb. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan mərkəzdə 6 tədris studiyası (auditoriya), 12 inzibati və 1 müzakirə otağı var. Tərtibatı və təchizatı ən müasir tələblərə cavab verən bu studiyaların hər birindən eyni anda 1000 tələbəyə yüksək ixtisaslı müəllimlər tərəfindən təhsil vermək imkanı mövcuddur. Hazırkı infrastruktur bu göstəricini artırmağa, 3 və ya 4 növbəli təhsil vermək imkanlarına malikdir.

Mərkəzin dizaynı distant təhsil fəlsəfəsinə uyğun qurulub. Onlayn tədrisin aparılacağı studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. İstifadə olunan proqram təminatında da tələbə və müəllimlərin rahatlığı tam nəzərə alınıb. Tələbələrin qeydiyyatının, davamiyyətinin, qiymətləndirilməsinin və attestasiyasının elektron universitet modeli olan “EDUMAN” proqramı tərəfindən aparılır. Distant təhsilə həm ölkə ərazisindən, həm də xaricdən tələbələr qoşula bilərlər. Studiyalardakı bütün tədris prosesi xüsusi kameralar vasitəsilə çəkilir ki, bu da sonradan tələbələrə istədikləri dərsə yenidən baxmağa imkan verir.

Qeyd edək ki, “UNEC Exstern” Azərbaycan ali təhsil seqmentində ilk olması ilə bərabər, hələlik öz profili istiqamətində həm də yeganədir. Bu fakt UNEC adına uğur sayılsa da, ümumilikdə universitetlərimiz adına ciddi çatışmazlıq kimi qəbul edilməlidir.

UNEC Kitabxana İnformasiya Mərkəzi- Universitet daxilində yaradılan kitabxana şəbəkəsi yerli ali təhsil sistemində bir çox ilklər və üstünlüklərə imza atıb. Təsadüfi deyil ki, 7/24 prinsipi əsasında (fasiləsiz olaraq 7 gün-24 saat) fəaliyyət göstərən ilk kitabxana modeli də məhz bu mərkəzə aiddir. Bundan əlavə mərkəz əlavə şöbələr və 4 oxu zalından da ibarətdir.

UNEC Biznes Mərkəzi - Biznes mərkəzi UNEC-in innovasiya strukturunun bir hissəsi olub, universitetin intellektual potensialının tətbiqi istifadəsi üzrə effektivliyinin artırılması, həmçinin professor-müəllim və tələbə-magistr kollektivinin əqli fəaliyyətinin kommersiyalaşması məqsədi ilə yaradılıb.

 Biznes mərkəzinin məqsəd və məramı aşağıdakı kimi qruplaşdırılır:

-Universitet işçiləri və tələbələrinin aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunması;

– Biznes mərkəzi xidmətləri üçün bazar təklifi və tələbatı üzrə təhlillər aparılması;

– Tələbələrə sahibkarlıq fəaliyyətinin öyrədilməsinə yardım edilməsi;

– Müvəqqəti yaradıcılıq üzrə müəyyən kollektivlərin təşkili və onlar tərəfindən müstəqil fəaliyyətin aparılması üçün şəraitin yaradılmasıdır.

Tələbə İşlər Mərkəzi- Tələbə  işləri mərkəzi universitetdə tələbə kontingentinin şəxsi işləri, müdafiə protokolları və diplomların təşkili ilə bağlı  bir çox funksiyaları həyata keçirir. Mərkəzin fəaliyyət istiqamətinə daxil olan sənədlərin  uçotu və saxlanılmasını həyata keçirmək,  tələbələrin şəxsi işlərinin qəbulu, şəxsi işə aid sənədlərin tam qaydada olmasına nəzarət,  tələbə əmrlərinin işlənməsi, hər bir əmrdən çıxarış yazılması və müvafiq olaraq tələbənin şəxsi işinə tikilməsi,

diplomların düzgün və vaxtında tərtib edilməsinə tam nəzarət və protokol xarakterli bir çox işlər daxildir. Ümumilikdə 3 şöbədən ibarət olan mərkəzdə “Bir pəncərə” sisteminin fəaliyyət göstərməsi universitetdə tələbələrin rahatlığı  üçün düşünülən örnək addımlardandır.

Bundan əlavə universitetin nəzdində fəaliyyət göstərən UNEC İmtahan Mərkəzi, UNEC Psixoloji Xidmət Mərkəzi, Tədrisin Metodik və Keyfiyyət Təminatı Mərkəzi və Yaradıcılıq Mərkəzi ali təhsil ocağınının fəaliyyət proqramını və gələcək üçün hədəflər paketini daha da gücləndiriblər. Hər mərkəz uyğun profil üzrə fəaliyyət göstərməklə XXI əsrin beynəlxalq universitet modelinin Azərbaycan nümunəsinin yaranmasına da səbəb olub.

Tələbə təşkilatları

UNEC-də nə az, nə çox , 20 tələbə təşkilatı fəaliyyət göstərir ki, bu da ölkə təhsili adına rekord göstəricidir. Yerdə qalan heç bir universitetdə həm kəmiyyət,  həm də keyfiyyət göstəricilərinə görə bu qədər tələbə təşkilatlarının olması mümkün deyil və yaxın perspektiv də baş tutması inandırıcı görünmür. Beynəlxalq reytinq göstəricilərinin xüsusən son illərdə ayrıca diqqət yetirdiyi meyar-sosial məsuliyyət indekatoru UNEC-də həm də çoxsaylı tələbə təşkilatlarının sayəsində inkişaf edib. Universitet “UNEC” brendi adı altında fəaliyyət göstərməyə başlayandan sonra rektor Ədalət Muradovun təşəbbüsü ilə burada çoxsaylı tələbə təşkilatları bir-bir yaranmağa başladı. Üstəlik, bu təşkilatların demək olar ki, hamısı innovativ-yenilikçi təşəbbüslərlə, modern yanaşmalar əsasında fəaliyyət göstərməkdədirlər. Sevindirici məqam ondan ibarətdir ki, təşkilatların böyük əksəriyyəti dünya təcrübəsində nəhəng universitetlərdə də rast gəlinən tələbə birliklərinin modelləri əsasında yaradılıb. Onlar arasında bir neçəsini xüsusilə qeyd edək:

UNEC “Cross-Cultural Club”- Başqa adla desək,Beynəlxalq mədəniyyət klubu” UNEC-in sosial-mədəni və iqtisadi işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan yerli və əcnəbi tələbələrdən ibarət təşkilatdır.  Təşkilat UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin nəzdində fəaliyyət göstərir və UNEC-in rəhbərliyinə tabedir. Xüsusən də əcnəbi tələbələrə dəstək mexanizmi üzərindən fəaliyyət göstərən təşkilat həm də humanitar mövqeyi ilə diqqət çəkir.

Təşkilat daxilində əcnəbi və yerli tələbələr arasında dostluq və həmrəylik ruhunun artırılması, əcnəbilərə Azərbaycanın sosial-mədəni dəyərlərinin mənimsənilməsində köməklik göstərilməsi, müxtəlif səviyyəli tədbirlərin-seminar, dəyirmi masalar və konfransların, müsabiqələrin, müxtəlif sahələr üzrə olimpiadaların, diskussiya klublarının və s. tədbirlərin təşkili və keçirilməsində təhsilalanların iştirakının təmin edilməsi kimi işlər həyata keçirilir;

UNEC Diplomatiya Təşkilatı- Beynəlxalq münasibətlər və diplomatiya sahələrində tələbələrin nəzəri və praktik biliklərini artırmağı hədəfləyib. Təşkilat, müxtəlif beynəlxalq forumlar, seminar və müzakirələr təşkil edərək, tələbələrə diplomatik fəaliyyətlərdə iştirak etmək, onların liderlik bacarıqlarını inkişaf etdirmək, digər ölkələrdən gələn tələbələrlə təcrübə mübadiləsi aparmaq və qlobal məsələlərə dair fərqli baxışlar əldə etmək imkanı yaradılıb. Bu və bu kimi təşkilatlar UNEC-in təkcə iqtisadi profillərdə deyil, həm də müxtəlif istiqamətdəki fəaliyyətlərinin inkişafına ciddi təkan verir;

Beynəlxalq İnnovasiya Klubu- Klubun əsas məqsədi tələbələrin innovasiya və startap sahəsində biliklərini artırmaq, beynəlxalq layihələrdə iştiraklarını təmin etmək və yaradıcı təşəbbüsləri dəstəkləməkdir.

İdeya İnqilabı Klubu- Gənclərin yaradıcı və innovativ düşüncə tərzini inkişaf etdirmək, yeni ideyalar və layihələr üzərində işləmələrini təmin edir.

InnoSpace Klubu – Bu tipli tələbə klubunun yerli ATM mühitində də olması sadəcə alqışlanmalıdır. Çünki bu tipli təşəbbüslər sayəsində həm də dünya universitetlərinin maraqlı nümunələri də yerli universitetlərimizdə inkişaf moduluna əlavə rəng qatmış olur.  InnoSpace klubu tələbələrin yaradıcılığını və innovativ düşüncə tərzini təşviq edən bir təşkilatdır. Klubun məqsədi tələbələrin kreativ və texnoloji sahələrdə ideyalarını inkişaf etdirmək, onları startap və biznes layihələri üzərində işləməyə təşviq etməkdir. Klub, innovasiyanın və təşəbbüskarlığın gücləndirilməsi üçün müxtəlif təlimlər və praktiki fəaliyyətlər təşkil edir.

NextGen Klubu-Gələcəyin liderləri, innovatorları və təşəbbüskarlarını yetişdirməyə yönəlmiş bir təşkilatdır. Klubun məqsədi gəncləri müasir texnologiyalar, sahibkarlıq, sosial inkişaf və liderlik sahələrində maarifləndirmək və onları bu sahələrdə inkişaf etdirməkdir. NextGen, tələbələrin yaradıcı düşüncə tərzini və kritik düşünmə bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif tədbirlər və təlimlər təşkil edir.

StatLab Gənclər Klubu-Statistik analiz, məlumat elmləri və data analizi sahələrində maraq göstərən tələbələri bir araya gətirən bir təşkilatdır. Klubun əsas məqsədi, gənclərin statistik biliklərini inkişaf etdirmək, onları məlumat analizi ilə bağlı praktik təcrübə qazanmağa təşviq etmək və bu sahədəki müasir alətləri öyrətməkdir. Klub üzvləri, statistik metodların tətbiqi və məlumatları effektiv şəkildə təhlil etmə bacarıqlarını artırmaq imkanı əldə edirlər.

UNEC Türk Dünyası Gənclər Təşkilatı - Türk Dünyası ilə əlaqələri möhkəmləndirmək və bu regionun gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır. Təşkilat, Türk dünyasının elm, təhsil, mədəniyyət və digər sahələrdə irsini təbliğ edərək, eləcə də Türk dünyasında baş verən yeniliklərin paylaşılmasına, təcrübə mübadiləsinə dəstək göstərir.

Elmi İnnovasiya Klubu tələbələrin elmi araşdırmalara və innovativ layihələrə marağını artırmaq məqsədilə yaradılıb. Klubun əsas missiyası tələbələri elmi fəaliyyətə təşviq etmək, onların tədqiqat bacarıqlarını inkişaf etdirmək və elmi-texnoloji yeniliklərə əsaslanan innovativ layihələrə dəstək verməkdir.

Tarix Klubu - Gənclərin tarixə marağını artıran və tarixi bilikləri dərinləşdirən bir qurumdur. Klub müxtəlif tarix mövzularında müzakirələr, seminarlar, sənədli filmlər və ekskursiyalar təşkil edir. Gəncləri milli və qlobal tarixə dair daha geniş perspektivlərə yönləndirir və tarixi irsin qorunmasına dəstək verir.

Universitet daxilində adıçəkilən klub və birliklərlə yanaşı, xeyli sayda başqa təşkilatlar da fəaliyyət göstərir: “Tələbə-rektor”,  “Tələbə Elmi Cəmiyyəti”, “UNEC Future Club”, “UNEC könüllüləri Təşkilatı”, “Rəqəmsal Könüllülər Təşkilatı”, “UNEC İnnovativ Gənclər Təşkilatı”.

Ən vacib məqam isə adıçəkilən tələbə klublarının formal deyil, həqiqətən də faydalı fəaliyyət göstərmələridir. Belə ki, onların fəaliyyət birbaşa universitet rektoru tərəfindən tam nəzarətdə saxlanılmaqla, bir çox parametrlərdən inkişafa şərait yaradır.  

Qeyd: UNEC-in reytinq göstəricilərindəki uğur səbəblərindən bəhs edəcək növbəti yazıda universitet nəzdində fəaliyyət göstərən çoxsaylı elmi tədqiqat mərkəzləri, yerli ali təhsil mühitində nümunəvi fəaliyyətinə görə xüsusi fərqləndirilən və örnək olaraq qəbul olunan Karyera İnkişaf Mərkəzi, Məzunlar Assosiasiyası və İnklüziv Mərkəzin fəaliyyəti və onların reytinq amilindəki rolundan, eləcə də UNEC əməkdaşlarının beynəlxalq elmi uğurlarından bəhs ediləcək. (ardı var)

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Seçilən
19
azedu.az

1Mənbələr