Ukraynanın siyasi həyatında ciddi gərginlik yaşanır. Ölkədə korrupsiya qalmaqalı ilə bağlı araşdırmalar fonunda parlament hökumət üzvləri ilə bağlı qərarlar qəbul edib.
Ukrayna Ali Radası (parlament) korrupsiya qalmaqalında adı həm keçmiş, həm də hazırkı hökumət üzvləri ilə birlikdə hallanan Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerovu iclasa çağırıb.
“AzPolitika”Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko məlumat yayıb.
Qeyd edək ki, Umerovun adı son günlər korrupsiya iddiaları ilə əlaqədar hallanırdı. Lakin daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərə gəldiyi zaman çəkilmiş fotolarda Rüstəm Umerovun da onunla birlikdə olduğu diqqətdən yayınmayıb.
Eyni zamanda, Rada Ukraynanın Energetika naziri German Qaluşenkonun vəzifəsindən azad edilməsini dəstəkləyib.
Nazirin istefası lehinə 323 deputat səs verib. Qaluşenkonun vəzifəsindən azad edilməsi məsələsi, Avropa və Avroatlantik İnteqrasiya məsələləri üzrə Baş nazirin müavini Taras Kaçkanın parlamentdə çıxışından sonra gündəmə gəlib. O, enerji sektorundakı araşdırmalar və bu işin yaratdığı ictimai rezonans fonunda iki nazirin istefasına dəstək verməyə çağırıb.
Qeyd edilir ki, Ukraynada son günlər aparılan korrupsiya ilə bağlı araşdırmalar hökumətdə ciddi siyasi silkələnmələrə səbəb olub.