Akif Nəsirli: “Heyvanların yemə olan tələbatı tam ödənmir, yem və otun qiyməti çox bahalaşıb”
Azərbaycanda iri və xırdabuynuzlu mal-qara sürətlə azalmaqdadır. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Rəsmi hesabatların təhlili göstərir ki, 2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 2 faiz və ya 50.5 min, xırdabuynuzlu heyvanların sayı isə 3.5 faiz və ya 242 min baş azalıb.
Son beş ili götürdükdə heyvanların sayında azalma daha kəskindir. Qoyun və keçi sayında bu, 1 milyon 300 min civarındadır. İribuynuzlu mal-qarada isə bu 200 mindən çoxdur. O cümlədən, son beş ildə Azərbaycanda qoyun-keçi əti 100, dana əti isə 60 faiz bahalaşıb.
Maraqlıdır, ölkədə heyvanların sayı niyə durmadan azalır? İşğaldan azad edilən ərazilərin örüş sahələri niyə bu prosesin qarşısını ala bilmir?
“Azad edilmiş ərazilərin potensialı var, amma bu potensialın işləməsi üçün vaxt, investisiya və infrastruktur lazımdır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanda iri və xırdabuynuzlu heyvanların azalmasının bir neçə əsas səbəbi var. Bunun bir səbəbi onunla əlaqədardır ki, ölkədə yem bazası zəifdir. Heyvanların yemə olan tələbatı tam ödənmir. Yem və otun qiyməti çox bahalaşıb. Fermerlər üçün heyvan saxlamaq əvvəlkindən daha baha başa gəlir. Ənənəvi maldarlıq sistemi zəifləyir. Şəhərləşmə artır, kənd təsərrüfatında işləyənlərin sayı azalır. Ekstensiv maldarlıq modeli müasir dövrdə daha az sərfəlidir. Fermerlər az məhsuldar heyvanları saxlamamaq üçün onları erkən satır və ya kəsir. İqlim dəyişikliyi təsir edir. Quraqlıq artır, su resursları azalır. Otlaq sahələrində ot örtüyü zəifləyir. Bu da heyvanların yem tapmasını çətinləşdirir. Bazarda risqlər çoxdur. Yem və digər xərclər artır. Heyvandarlıqdan gəlir əvvəlki kimi stabil deyil. Buna görə bəzi fermerlər heyvan sayını azaltmağa üstünlük verir. Onlar fəaliyyətini ya başqa aqrar istiqamətə yönəldir, ya da iş dalınca şəhərə köçür. Ölkədə örüş sahələri bələdiyyə, pambıq əkən fermerlər və aqroparklar tərəfindən zəbt edilib. Azərbaycanda aktiv istifadə edilən otlaq-örüş sahəsi təxminən 2 305 200 hektardir. Bunun təxminən 800 min hektardan çoxu zəbt edilib. Bir tərəfdən də bu zəbt prosesi davam edir. Bu günlərdə ölkə prezidenti də çıxışında bu məsələyə toxundu. Azad edilmiş ərazilər bu azalmanı hələ kompensasiya edə bilmir. Bu ərazilərdə infrastruktur tam bərpa olunmayıb. Su sistemi, otlaq örtüyü, fermalar hələ tam hazır deyil. Orada təsərrüfat qurmaq böyük sərmayə tələb edir və risqlidir. Ərazi hələ minalardan tam təmizlənməyib. Fermerlərin həmin torpaqlara köçməsi üçün şərait tam formalaşmayıb. Yem problemi orada da qalır. Yeni təsərrüfatların qurulması vaxt və maliyyə tələb edir. Ümumilikdə, heyvan sayının azalması iqtisadi, ekoloji və sosial faktorların birgə təsiri ilə baş verir. Azad edilmiş ərazilərin potensialı var, amma bu potensialın işləməsi üçün vaxt, investisiya və infrastruktur lazımdır”.
Vidadi ORDAHALLI