Azər Həsrət: “Bunu Soros Fondunun etməsi də mümkündür”
Noyabrın 18-də dünyanın hər yanında hiss olunan internet kəsintisinin baş verməsi və bir sıra saytlara girişin məhdudlaşdırılması kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində yaranan genişmiqyaslı texniki problemlə əlaqələndirildi.
"Cloudflare"də yaşanan fasilələr nəticəsində X (Tvitter) platforması da daxil olmaqla bir çox veb sayta giriş məhdudlaşdı.
“Spotify” və ChatGPT-də, eləcə də “Mediazona”, “Novaya Gazeta Europa”, “Ukrainskaya Pravda”, “Hromadske” və digər xəbər agentliklərinin veb saytlarında da kəsintilər oldu. ABŞ, Almaniya, Türkiyə, Avstraliya, Hindistan və Misirdəki istifadəçilər kəsintidən narahatlıqlarını bildiriblər. ABŞ-ın bu platformasında yaranan problem həmçinin Ermənistanda, Azərbaycanda, Gürcüstanda və başqa region ölkələrdə də özünü göstərib. Bu ölkələrdə də saatlarla veb saytlara girmək mümkün olmayıb, bu hətta bankların fəaliyyətinə də təsirsiz ötüşməyib.
“Cloudflare” veb saytlar və internet tətbiqləri üçün bulud xidmətləri təqdim edən Amerika şirkətidir. Şirkətin məlumatına görə, bütün veb trafikin təxminən 20%-i onun şəbəkəsindən keçir.
Bu şirkət kibertəhlükəsizliyi qoruyan şirkətdir və internetin trafiklərinin 20 faizi bunun üstündə dayanıb.
Problemin yaşandığı saatlarda hadisənin başqa bir səbəblə bağlı olduğu barədə məlumat da yayıldı.
baki-xeber.com-un məlumatına görə, milyarder Corc Sorosun Açıq Cəmiyyət Fondunun (OSF) İlon Maskın sahib olduğu X (əvvəllər Twitter) platformasını zəiflətmək və mühafizəkar xəbər agentliklərini susdurmaq üçün illərdir pərdəarxasından aparılan kampaniyaya 250 min dollar xərclədiyi ortaya çıxıb.
ABŞ mərkəzli “Washington Free Beacon”un əldə etdiyi məlumatlara görə, Soros Fondu 250 min dolları mühafizəkar xəbər agentliklərini susdurmaq və Maskın X platformasını zəiflətməyə çalışan Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinə (CCDH) verib.
Leyborist Partiyasının keçmiş üzvü İmran Əhməd tərəfindən qurulan CCDH "onlayn nifrəti dayandırdığını" iddia edir, lakin reklamverənləri mühafizəkar saytları boykot etməyə sövq etdiyinə görə sərt tənqid olunur.
Mask CCDH-ni "cinayətkar təşkilat" adlandırıb və Sorosun ona qarşı kampaniyaları maliyyələşdirdiyini iddia edib.
CCDH-nin maliyyələşdirilməsinin böyük hissəsi uzun müddətdir gizli saxlanılıb. Lakin OSF-nin 250 min dollarlıq köçürməsi təşkilatın keçmişi ilə bağlı vacib detalları ortaya çıxarıb. ABŞ mətbuatının yazdığına görə, CCDH reklamverənləri X-dən çəkilməyə məcbur etməklə "Maskın Twitter-ini öldürmək" məqsədi daşıyan gizli bir kampaniya aparıb. CCDH-nin 2023-cü il gəlirinin 2,1 milyon dollar olduğu bildirilir.
Sorosun dəstəyinin açıqlanması Vaşinqtonda yeni bir müzakirəyə səbəb olub. ABŞ prezidenti Donald Trampın Soros və OSF prezidenti Aleks Soros haqqında "ölkə daxilində zorakılığı maliyyələşdirmək" iddiası ilə araşdırma tələb etdiyi bildirilir.
Həmçinin, Bayden administrasiyası ilə münasibətləri tez-tez müzakirə mövzusu olan İmran Əhmədin vizasının ləğv edilməsinin nəzərdən keçirildiyi bildirilir.
Belə məlumatlar da gündəmdədir.
Soros Fondu İlon Maskın şirkətlərini, X-i və sair məhv etmək üçün 250 min pul qoyubsa, belə düşünmək olarmı ki, bütün dünya üzrə bu internet kəsintisinin, internetə zərbənin arxasında Soros dayanıb? Ola bilərmi ki, bu onun fondunun əməllərdir?
“Nəhənglərin davası gedir...”
Siyasi ekspert Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə bu cür yan xidmətlər ilk baxışdan cəlbedici görünsə də, amma zərərlidir. “Çünki sizin dünyaya yaymaq istədiyiniz məzmunu başqa üçüncü bir tərəfin serverlərindən keçirməyə özünüz icazə verirsiniz. Əslinə qalanda, siz bununla öz üzərinizdə əlavə nəzarət imkanı yaradırsınız. Təbii ki, belə bir şəraitdə riqslər də artmış olur. "Cloudflare"xidməti haqda deyim ki, o təzə çıxanda mən özüm də ondan istifadə etmişdim. Bir qədər mənə şübhəli gəlmişdi. Saytlarımız üçün istifadə edəndə görürdüm ki, bunun tətbiq olunduğu saytlar əlçatanlıq baxımından problemlər yaşayır. Yəni faktiki olaraq bəzən əlçatmaz olur. Guya nəyisə qoruyurlar və sair. Ona görə də xeyli müddət əvvəl o xidmətdən imtina etmişəm”.
A.Həsrətin sözlərinə görə, son baş verən hadisələr fonunda onun istifadə etdiyi saytlarda heç bir problem olmayıb. “Çünki onlar o xidmətdən istifadə etmirlər. Yəni istənilən texnoloji xidmət bazara və dünya ictimai rəyinə əlavə nəzarət imkanı deməkdir. Onu icad edənlər təbiidir ki, nəzarət imkanını gücləndirmiş olurlar. Lazım gələndə də bu cür gedişlərlə özlərinin gərəkli olduqlarını dünyaya göstərmiş olurlar. Yəni bunun başqa adı yoxdur. Ona görə də düşünürəm ki, birbaşa, üçüncü tərəflərin iştirakı olmadan xidmətlər daha uyğundur. Sadəcə olaraq hər kəs özü üçün təhlükəsizlik çəmbəri qurmalıdır.
“Soros bunu edə bilmiş olardımı”, yaxud “bu, Soros kimi təşkilatlarınmı işləridir” kimi suallara gəlincə, bunu Soros Fondunun etməsi də mümkündür. Yəni öz gücünü göstərir. Çünki bu səbəbdən Tvitter, son vaxtlar hamının istifadə etdiyi ChatGPT-i işləmirdisə demək nəhənglərin davası gedir, ara yerdə biz ayaq altda qalırıq”-deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA