AZ

“Euronews” Bakıda 15 nəfərlik ofis açdı – İrəvan qorxudan qarayaxma kampaniyasına başladı...


Məlum olduğu kimi, Bakıda “Euronews” telekanalının yerli ofisinin açılış mərasimi keçirilib. Tədbirdə “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David açılış nitqi ilə çıxış edib. Mərasim zamanı “Euronews”un Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələri təqdim olunub.

Pedro Vargas David tədbir fonunda bir sıra maraqlı açıqlamalar verib. O qeyd edib ki, “Euronews”un redaksiyası Azərbaycanla birgə layihələrin həyata keçirilməsi səbəbindən Avropa daxilində dəfələrlə təzyiqlərə məruz qalıb: “Çətinliklər, ilk növbədə, Azərbaycanın hüdudlarından kənarda yaranırdı. Avropada bir çoxları bu ölkəyə dair bizim balanslaşdırılmış mövqeyimizi qəbul etmirdi. Buna baxmayaraq, “Euronews” öz prioritetlərinə sadiq qalıb və Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini dərk edib”. O, xatırladıb ki, Avropa İttifaqı ölkənin ən böyük tərəfdaşı və investoru, həmçinin Azərbaycan məhsullarının əsas ixracatçısıdır: “Azərbaycanla informasiya əməkdaşlığının gücləndirilməsi şirkətin əsas vəzifəsi olaraq qalır, çünki ölkədə baş verən hadisələrin Avropa auditoriyası üçün əhəmiyyəti böyükdür”. Pedro Vargas David onu da qeyd edib ki, “Euronews” Bakı ofisinin fəaliyyətində azərbaycanlı jurnalistlərin iştirakını genişləndirməyi planlaşdırır. Onun sözlərinə görə, Bakı ofisinin redaksiyası 15 əməkdaşdan ibarət olacaq və ştatın yarısı artıq formalaşdırılıb: “Biz xaricdən jurnalistləri cəlb etməyə davam edəcəyik, lakin uzunmüddətli hədəfimiz yerli kadrların iştirakını tədricən genişləndirməkdir. Biz daha çox azərbaycanlı jurnalisti həm bu ofisdə, həm də ümumilikdə “Euronews”un strukturunda görmək istəyirik”. Bütün bu proseslər isə nə qədər qəribə görünsə də, Ermənistanda böyük narahatçılıqla izlənir. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Biz hamımız Vaqarşapatda seçkilərin nəticələrini müzakirə edərkən, Ermənistanın bu günü və gələcəyi haqqında kədərli nəticələr çıxararkən, dünyada daha da heyrətləndirici hadisələr baş verir. “Euronews”un Bakıda ofisinin açılması, daha qorxulu tendensiya olmasaydı, sadəcə media bürokratiyası kimi qələmə verilə biləcək bir hadisə olardı. Gözümüzün qabağında Avropanın ən tanınmış media orqanlarından biri Azərbaycan rəhbərliyinə təslim olmağa hazır olduğunu nümayiş etdirir. Baş verənlər tənəzzüldür və təsadüfi deyil, sistemli bir tənəzzüldür. Bu, aydınlaşan həqiqət anıdır: “Euronews” artıq Avropanın səsi olmaqdan çıxıb. Və kanal rəhbərliyinin ofisin açılışında dediyi sözlər heç də birmənalı qəbul edilə bilməz. Müstəqilliyi, jurnalist prinsiplərini və ya hadisələrin obyektiv mənzərəsini təqdim etmək istəyini vurğulamaq əvəzinə, “Euronews” nümayəndələri mahiyyətcə Azərbaycana qarşı “tarazlaşdırılmış mövqelərini” əsaslandırdılar və əvvəllər neytrallığı qorumaq cəhdlərinə görə tənqid olunduqlarından şikayətləndilər. Avropa media brendi Azərbaycanla həlimlik nümayiş etdirir.

Simvolikdir ki, ofis indi, ermənilərin Bakı həbsxanalarında olduqları, ömürlük həbs cəzası ilə üz-üzə qaldıqları bir vaxtda açılır. “Euronews”un Azərbaycanla əməkdaşlığının rəsmi Bakının gördüyü işlərlə de-fakto razılaşması kimi qəbul ediləcəyinin qaçılmaz addım olduğu danılmazdır. Avropa telekanalı erməni əsirlərinin “mühakimə olunduğu” ölkədə ofis açanda, istəsə də, istəməsə də, siyasi bəyanatla çıxış edir. “Euronews” bu jestlə vurğulayır:Bakıda təmsil olunmaq daha önəmlidir. Bu, sadəcə olaraq sinizm deyil. Hal-hazırda dəmir barmaqlıqlar arxasında olan erməni hərbi əsrlərə xəyanət. Qayıdışlarını gözləyən ailələrə xəyanət. Bununla belə, erməni auditoriyasına çoxdan bəllidir ki, istər siyasi, istərsə də media olsun, Avropa institutları getdikcə daha çox prinsiplərdən çox diplomatiyanın rahatlığını seçirlər. Amma Avropanın ən böyük televiziya kanalı özünü elə aparanda ki, sanki Bakı hakimiyyətinə rəğbət bəsləmək lazımdır, vəziyyət bütün Avropa media mühiti üçün eyni olur. “Euronews” rəhbərliyinin səsləndirdiyi əsaslandırmalar bir siqnaldır: Avropada jurnalistika böhran deyil, mənəvi fəlakət yaşayır. Bu etirafdır ki, söz azadlığı artıq fundamental dəyər deyil, hökumət müqavilələrinə, yayıma, infrastruktura və ya sadəcə olaraq siyasi lütfün əldə edilməsi üçün mübadilə edilə bilən bir əmtəəyə çevrilib. Həqiqəti deməli olan media orqanı hansısa ölkənin hökumətinə onun fəaliyyətinə icazə verdiyinə görə təşəkkür etməyə başlayanda, bu, artıq jurnalistika deyil. Bu, azad sözün həddindən artıq olduğunu rədd edən bir sistemdə qurulmuş bir funksiyadır. Təəssüf ki, “Euronews”un etdikləri daha geniş beynəlxalq kontekstə uyğun gəlir. Biz demokratiyaların pisləşdiyi və Qərb liderlərinin mnasibətlərdə yeniliklərə baş vurduğu bir dövrdə yaşayırıq. Hətta ABŞ prezidenti Donald Tramp da Mərkəzi Asiya ölkələrinin liderlərini açıq şəkildə dəstəkləyir, onları strateji tərəfdaş kimi qəbul edir. Tramp həmçinin tarifləri aşağı salmaq üçün İsveçrədən rüşvət almaqla öyünür. Deməyə nə var? Əgər belə siqnallar Vaşinqtondan gəlirsə, təəccüblü deyil ki, “Euronews” özünü haqlı hesab edir – axırda ətrafdakı hər şey bunun indi “məqbul” olduğunu göstərir. Odur ki, ola bilsin ki, “Euronews”un addımına təəccüblənməməliyik, onun reputasiyası Bakının mərkəzindəki ofisdən daha dəyərlidir”.

Tahir TAĞIYEV

Seçilən
17
baki-xeber.com

1Mənbələr