Məlum olduğu kimi, Qazaxın üç anklav kəndi olan Sofulu, Bərxudarlı və Yuxarı Əskiparanın, eləcə də Naxçıvanın Kərki kəndinin qaytarılması məsələsi son dövrlərdə yenidən aktuallaşıb. Məlumatlara görə, Zəngəzur dəhlizinin açılması sərhədin bu istiqamətdə delimitasiyasını aktuallaşdırdığı üçün ilk növbədə Kərki kəndinin qaytarılması gündəmdədir.
Bütün bunlar fonunda bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan verdiyi açıqlamalr da təsadüfi hesab olunmur.
O qeyd edib ki, Ermənistan bəzi sahələrdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisini nəzarətdə saxlayır: “Xəritədə də göstərməyə hazıram. Təxminən 110 kvadrat kilometr biz onların ərazisindəyik, məsələn, Tavuş istiqamətində. Rəsmi olaraq deyirəm ki, hətta 90-cı illərdən bəri bizim irəlidə olduğumuz sahələr də mövcuddur”. Simonyanın sözlərinə görə, bu ərazilərin bir qismi 1990-cı illərin hərbi əməliyyatlarından sonra formalaşmış sərhəd xəttində yerləşir. İndi əsas məsələ bu ərazilərin geri qaytarılmasıdır. Təbii ki, bura anklav kəndlər də daxildir. Bu fonda erməni politoloq Suren Surenyants bildirir: “Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Qazax rayonunun üç kəndinin və Naxçıvanın Kərki kəndinin qaytarılması Bakının prioritet məsələlərindən biri olub. Onun sözlərinə görə, bu məsələ sərhəddə delimitasiya komissiyaları çərçivəsində həll edilməlidir. Azərbaycan gizlətmir ki, sülh müqaviləsi yalnız o halda mümkündür ki, Ermənistan məzmunundan asılı olmayaraq, onların bütün şərtlərini yerinə yetirsin. Bu durumda Paşinyan “Telegram” səhifəsində yazıb ki, delimitasiya nəticəsində Ermənistan Başkəndi və digər “işğal olunmuş ərazilər”i qaytarmalıdır. Lakin bu bəyanat əslində Başkəndin qaytarılması cəhdi deyil, qarşılıqlı məzmunlu illuziya yaratmaq cəhdidir. Başkənd mövzusu heç vaxt danışıqlar gündəmində olmayıb, halbuki anklavlar məsələsi uzun müddətdir Azərbaycanın tələb siyahısına daxil edilib. Buna görə də belə nəticəyə gəlmək olar ki, Paşinyan ya artıq razılıq verib, ya da sadəcə müqavimətdən imtina edib. Anklavların qaytarılması Ermənistan üçün yeni çağrışlar deməkdir. Çünki Ermənistan daxilində Azərbaycanın hüquqi və fiziki varlığı bərpa ediləcək, logistika riskləri yaranacaq, qarşıdurma Ermənistan ərazisinə köçürüləcək və dövlətçiliyin əsasına mina qoyulacaq. Bu, sülhə dair baxış deyil, bu, sülh adı altında Azərbaycan nəzarətinin yeni mexanizmidir”. Surenyants bildirib ki, indiki hakimiyyət ləyaqətlə danışıqlar yolu yox, uyğunlaşma yolunu seçib: “Sülhdən danışan hakimiyyət əslində vassal siyasəti yürüdür. Paşinyanın “sülhü” Azərbaycan gündəliyinin xidmətinə çevrilib, hər yeni tələb “sülhün qiyməti” kimi təqdim olunur”. Ermənistan parlamentindəki “Hayastan” fraksiyasından deputat Qarnik Danielyan isə bildirir ki, Qazaxıstandan və Rusiyadan Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə Ermənistana buğda idxal edilməsinə başlanması təsadüfi deyil: “Bunu Paşinyan elan etdi və dedi ki, Ermənistan ərazisində Azərbaycan torpaqları var və onlar Azərbaycana geri qaytarılmalıdır. Yəni növbəti güzəştin hazırlıq mərhələsi gedir. Əvvəl Paşinyan bildirmişdi ki, anklavlar məsələsi üzrə hüquqi əsas yoxdur, onda hansı torpaqlardan söhbət gedir? Onun hüquqi əsasları nədir? Sərhədlərin müəyyənləşdirilməsi, demarkasiya adı ilə erməni tərəfi tərəfindən birtərəfli güzəşt edilib. O zaman deyirdilər ki, Günən-Voskepar hissələrindən biz güzəşt edirik, Berkaberdən 900 hektar alacağıq. Çox vaxt keçib, Berkaber gölündən o tərəfə Ermənistan heç bir santimetr, heç bir millimetr torpaq almayıb. Azərbaycanlılar nə tələb etsələr, alırlar, Ermənistan isə heç nə almır. Xatırlatmaq istəyirəm ki, heç bir Azərbaycan rəsmisi deməyib ki, Azərbaycanın ərazisində erməni torpaqları var”.
Paşinyanın “Sərhədlərin müəyyənləşdirilməsi nəticəsində azərbaycanlılar Başkənddən çıxacaq” bəyanatına erməni müxalif deputat cavab olaraq qeyd edib: “Mən hesab edirəm ki, bu hissələrdə Ermənistan son dövrdə apardığı siyasəti nəzərə almaqla növbəti güzəştlərə hazırlıq görür və bu güzəştlərin fonunda müəyyən mənada təbliğat fonu yaradılır. Uzun müddətdir danışılan o hissələrdən keçən infrastruktur bizim üçün çox vacibdir: burada Ermənistana daxil olan qaz kəməri, internet kabelləri və digər kommunikasiya və yollar var. Bu, həm Tavus, həm də Kərki istiqamətində Ermənistan üçün ciddi problemlər yaradacaq”. Onun sözlərinə görə, Paşinyan qəsdən Başkənd haqqında danışır: “Paşinyan qəsdən Başkənd haqqında danışır ki, dörd anklav geri qaytarılandan sonra desin ki, Başkəndi də biz alacağıq, amma necə Berqaber hissəsini geri ala bilmədik, elə də Başkəndi ala bilməyəcəyik”. Burada xatırladaq ki, Azəbaycan Ermənistana heç bir ərazisi iddiası irəli sürmür. Sadəcə, qarşı tərəfin hələ ə nəzarətdə saxladığı ərazilərinin geri verilməsini tələb edir. Bura qeyd edildiyi kimi anklavlar da daxildir. Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Sarkis Xandanyan isə qeyd edir ki, hazırda “anklavlar məsələsi” gündəmdədir, lakin bu məsələ sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində həll olunmalıdır: “Delimitasiya və demarkasiya işləri başa çatdıqdan sonra, Ermənistan və Azərbaycan anklavlar mövzusunda hansı qərarı qəbul edəcəklərinə baxacaqlar”. O, həmçinin bildirib ki, delimitasiya prosesi çoxmərhələlidir və bir neçə mərhələdən ibarətdir. Bura sərhədin müəyyənləşdirilməsi, müvafiq protokolların təsdiqlənməsi, dövlət sərhədi haqqında müqavilənin imzalanması və ratifikasiyası, həmçinin sərhəd xətti boyunca texniki işlərin aparılması daxildir. Xandanyan vurğulayıb ki, bütün proseslər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanır.
Ramil QULİYEV