ain.az, Azertag saytına istinadən bildirir.
Berlin, 19 noyabr, AZƏRTAC
Almaniya hökuməti Daxili İşlər Nazirliyinin (BMI) təqdim etdiyi hava təhlükəsizliyi ilə bağlı qanun layihəsini təsdiqləyib.
AZƏRTAC nazirliyin saytına istinadla bildirir ki, qanunla federal əyalətlərə dron təhlükəsi ilə mübarizədə yardım məqsədilə Silahlı Qüvvələrin cəlb olunması hüququ verilir. Bundesver özünün dəstəyi olmadan təhlükənin qarşısının alınmasında ciddi çətinlik yarandığı hallarda dronlara qarşı silahlı müdaxilə etmək səlahiyyəti ilə təmin olunub. Dronlara qarşı tədbirlər zamanı sürətli və effektiv reaksiya zəruri olduğundan, qanun layihəsi Silahlı Qüvvələrin bu məqsədlə tətbiqinə dair qərarvermə prosesinin sadələşdirilməsini və sürətləndirilməsini nəzərdə tutur.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt federal polislə birlikdə dron əleyhinə yeni bölmənin yaradılmasına başlandığını bildirib. O bu il fəaliyyətə başlayacaq həmin bölmənin texniki təchizatı üçün zəruri qərarların ötən həftə qəbul olunduğunu qeyd edib.
Bundan başqa, qanuna əsasən gələcəkdə aeroportların ərazisinə qəsdən və icazəsiz daxil olaraq mülki hava nəqliyyatının təhlükəsizliyini pozmaq cinayət kimi qiymətləndiriləcək. Hava limanlarının təhlükəsizlik zonasına qəsdən daxil olub uçuş prosesini pozmağa və təhlükə yaratmağa cəhd edən şəxsləri 5 ilədək həbs cəzası gözləyəcək.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.