ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Kiyev, 19 noyabr, AZƏRTAC
Hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində çoxlu sayda sülh prosesləri intensivləşir. Danışıq prosesləri ləyaqətli sülhə nail olmağa yönəldilməlidir.
AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında deyib.
"İndi bir çox proseslər intensivləşib və biz bütün fəaliyyətlərin xüsusi olaraq ləyaqətli sülhə və təminatlı təhlükəsizliyə nail olunmasına yönəldiyini təmin etməyə çalışırıq. Müharibə bitməlidir, sülhdən başqa alternativ yoxdur", - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiya başa düşməlidir ki, müharibəyə görə heç bir mükafat almayacaq.
Dövlət başçısı, həmçinin qeyd edib ki, Ukrayna Türkiyə diplomatiyasının gücünə ümid edir. Xüsusilə, Türkiyənin “həlledicilər koalisiyası”nda, xüsusən də dəniz komponentində fəal iştirakı vacibdir.
"Qara dənizdə təhlükəsizliyin vacibliyini hamı anlayır və belə təhlükəsizlik yalnız Türkiyə ilə birlikdə təmin edilə bilər", - Zelenski qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.