AZ

Ekspert: Azərbaycanın Avropaya yaxın məsafədə yerləşməsi yaşıl enerji ixracı üçün əsas üstünlükdür

Bakı, 19 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Azərbaycan və Mərkəzi Asiya vahid geoiqtisadi məkanda yerləşirlər. Qazaxıstan və Azərbaycan əsas neft ixracatçıları kimi çıxış edir, Türkmənistan isə geniş təbii qaz ehtiyatlarına malikdir. Bu iki ölkə, eləcə də qaz və qızıl yataqlarına sahib Özbəkistan neft və qazı Avropa bazarlarına ixrac etməkdə maraqlıdırlar. Biz bu sahədə kəşfiyyat işlərində iştirak etmək və sənaye kooperasiyasının inkişafı imkanlarını nəzərdən keçiririk. Buna əsasən yaşıl energetika üzrə ixtisaslaşma imkanını da istisna etmirik. Müvafiq saziş artıq imzalanıb.

Hazırda yaşıl energetika ilkin inkişaf mərhələsindədir. Gələcəkdə bu sahədə ixtisaslaşmaq üçün böyük potensialımız var. Bəzi ölkələrdə daha isti iqlim və daha çox günəş enerjisi olsa da, bizim əsas üstünlüyümüz Azərbaycanın Avropaya yaxın məsafədə yerləşməsidir. Bu isə daha az xərclər deməkdir. Biz yaşıl energetika üzrə ixtisaslaşaraq bu enerjini Avropa bazarlarına ixrac edəcəyik.

Bu fikirləri AZƏRTAC-la iqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli bölüşüb.

Onun sözlərinə görə, digər sahələrə keçməzdən əvvəl “Mərkəzi Asiya + Azərbaycan” formatında bizim üçün mühüm element ondan ibarətdir ki, iqtisadi inkişafın eyni mərhələsindəyik, etnik baxımdan bir-birimizə yaxınıq və vahid coğrafi məkanda yerləşirik: “Gələcəkdə ərazimizdə əlavə dəyər zəncirinin yaradılmasına ümid edirik. Ən vacib məsələ də budur. Bir neçə sahənin adını çəkdim, lakin sənaye kooperasiyası digər istiqamətlər üzrə də istisna olunmur”.

Müsahibin agentliyə açıqladığı ikinci və ən mühüm element isə ərazimizdən keçən Şərq–Qərb nəqliyyat dəhlizidir. “Hesab edirəm ki, nəqliyyat ilk növbədə bizə divident gətirəcək. Lakin mənim gözləntilərim daha çox sənaye kooperasiyası ilə bağlıdır. Asiya Avropa bazarlarına çox böyük həcmdə məhsul ixrac edir. Ehtimal olunur ki, Çin burada emal sənayesi sahəsi yaradacaq və biz həmin sahədə ixtisaslaşa bilərik. Bu zəncirlərin qurulması üçün ilk növbədə nəqliyyat infrastrukturunun yaradılması və investisiyaların yatırılası vacibdir”, — deyə o bildirib.

E. Qəriblinin fikrincə, nəqliyyat sahəsi mühüm rol oynayır və bu, açılan yeni müəssisələrin statistikasında da öz təsdiqini tapır: “Konkret desək, bu gün, mənim fikrimcə, ən vacib sahələr məhz nəqliyyat və energetikadır. Gələcəkdə biz hidrogen enerjisini də emal etmək, əldə etmək və ixrac etmək imkanına malik ola bilərik. Bu sahələrin hamısı bu gün Azərbaycan hökuməti və Mərkəzi Asiya ölkələri tərəfindən dövlət səviyyəsində planlaşdırılır. Məqsədə çatmaq üçün dövlət dəstəyi vacibdir, çünki nəqliyyat infrastrukturu çox bahalıdır və korporasiyalar buna daha az maraqlıdır”.

Ekspert gələcəkdə ipəkçilik və digər sahələr üzrə də birgə ixtisaslaşmanın mümkünlüyünü istisna etməyib: “Ərazimizdən keçən fiber-optik kabellər İT texnologiyalarının inkişafına təkan verəcək. Qazaxıstan, Özbəkistan və Azərbaycan artıq bu sahələrə xeyli investisiya yatırırlar. İlkin mərhələdə nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasına nail olmaq istəyirik. Sonrakı mərhələdə isə biz bu sahələrdə özümüz ixtisaslaşa bilərik. İT texnologiyaları da burada istisna deyil”.

E. Qaribli həmçinin vurğulayıb ki, beynəlxalq əmək bölgüsünün bugünkü xüsusiyyəti ondan ibarətdir ki, ölkələr əsasən hazır məhsulda deyil, istehsalın ayrı-ayrı komponentlərində ixtisaslaşırlar: “Gələcəkdə biz müəyyən məhsulların komplektləşdirici hissələrinin istehsalında ixtisaslaşacağıq. Beləliklə, Çin məhsullarının bizim ərazimizdən tranziti elə bir şərait yaradacaq ki, biz ayrı-ayrı sahələr üzrə ixtisaslaşa bilək”, — deyə ekspert yekunlaşdırıb.

Seçilən
35
1
azertag.az

2Mənbələr