AZ

Azərbaycanla münasibətlər Ermənistanın gələcəyini müəyyən edən əsas faktora çevrilir...


Bəllidir ki, Cənubi Qafqaz regionu uzun illər boyu siyasi gərginliklərin, münaqişələrin və geosiyasi rəqabətin mərkəzində dayanıb. Bu çətinliklərin başında isə Ermənistan–Azərbaycan münaqişəsi dururdu. Son illərdə baş verən dəyişikliklər, xüsusilə 2020-ci il müharibəsindən sonra yaranmış yeni reallıqlar region üçün həm böyük çağırışlar, həm də mühüm imkanlar yaradıb.

Bu imkanların reallaşdırılması isə ilk növbədə iki ölkə arasında birbaşa, ikitərəfli əlaqələrin qurulmasından, qarşılıqlı etimadın formalaşdırılmasından və uzunmüddətli sülhün təsis edilməsindən keçir.

Birbaşa dialoqun əsas əhəmiyyəti onun vasitəçidən asılılığı aradan qaldırmasıdır. Cənubi Qafqaz uzun müddət böyük güclərin regional siyasətlərinin təsiri altında olub və bu siyasətlər çox vaxt Ermənistan və Azərbaycan arasında açıq danışıqlara imkan verməyib. İkitərəfli format isə ölkələrin öz maraqlarını daha şəffaf və səmərəli şəkildə ifadə etməsinə şərait yaradır. Rusiya, ABŞ, Avropa İttifaqı kimi xarici aktorların maraqları ilə deyil, məhz regionun daxili təhlükəsizlik və inkişaf gündəliyi ilə uyğun danışıqlar yalnız birbaşa əlaqələr yolu ilə mümkündür. Bu mənada Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların intensivləşməsi regionda uzunmüddətli sabitlik yaradacaq ən real mexanizmdir. Bunu artıq ermənilər özləri də etiraf edir. Məsələn, erməni ekspert İşxan Verdyan vurğulayır ki, yalnız Ermənistan ilə Azərbaycan arasında birbaşa, ikitərəfli əlaqələr regionda uzunmüddətli sülh və davamlı sabitlik üçün əsl təməl yarada bilər: “Sözsüz ki, bu yaxınlarda imzalanan Vaşinqton razılaşmalarının rəmzi və siyasi əhəmiyyəti var, amma yadda saxlamaq vacibdir: iki ölkə liderləri bu nəticəni bir gecədə və ya yalnız Vaşinqtonda keçirilən görüş sayəsində əldə etməyiblər. Sənədlərin imzalanmasından əvvəl ilk dövlətlərarası razılaşmanın bağlanmasından tutmuş yerində konkret addımlara və real dəyişikliklərə qədər ikitərəfli formatda çox böyük iş görülüb. Prosesin davamı da məhz məntiqə uyğun nəzərdən keçirilir. Ölkələr arasında nə qədər dürüst, açıq və birbaşa qarşılıqlı əlaqə olarsa, sülh bir o qədər möhkəm və region isə bir o qədər sabit olacaq”. Anca qo da faktdır ki, ermənilər və azərbaycanlılar arasında qarşılıqlı inamsızlıq davam edir. Bununla bağlı İşxan Verdyan qeyd edir: “ Bu, bəlkə də bu gün ən vacib məsələlərdən biridir, baxmayaraq ki, göründüyü qədər mürəkkəb deyil. İnsanlar həqiqətən də yaxşı şeylərə tez öyrəşirlər və müsbət dəyişikliklər daha geniş yayılarsa, əminəm ki, düşmənçilik tədricən azalacaq. Həm simvolik, həm də praktiki, real qarşılıqlı əlaqəyə əsaslanan müsbət siqnallara ehtiyac var. Bu məsələdə hər iki ölkənin hökumətləri əsas rol oynayır, çünki onlar ictimai əhvali-ruhiyyəni formalaşdırır və barışıq prosesinin necə qəbul ediləcəyini müəyyən edir. Bu səbəbdən də siyasi iradədən çox şey asılıdır. Ermənistanda vəziyyət ölkə daxilində istənilən sülh təşəbbüslərinə qarşı çıxan və onları pozmağa çalışan aktiv radikal qrupların olması ilə mürəkkəbləşir. Bu, ciddi daxili problemdir və münasibətlərin həqiqətən davamlı normallaşdırılmasına nail olmaq üçün baş nazir Paşinyan daxili siyasi vəzifə kimi məhz onu həll etməlidir”.

Onun sözlərinə görə, vasitəçilərin işini qiymətləndirməyin ən məntiqli yolu onların nəticələridir: “Açığı, bizim vəziyyətimizdə nəticələr olduqca məyusedici görünür. ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun ən nüfuzlu aktorları hesab olunurdu, lakin məhz onların uzunmüddətli və birbaşa iştirakı Qarabağ münaqişəsinin onilliklər boyu həll olunmamasını təmin etdi. Bu baxımdan, vasitəçilik institutunun əvvəlki formatda potensialının tükəndiyini demək olar. Ümid edirəm ki, məhz bu səbəbdən - xüsusən də Ermənistan ilə Azərbaycan arasında birbaşa dialoqun nəhayət ki, real nəticələr verməyə başladığı indiki vaxtda köhnə modelə qayıdış olmayacaq. Lazımsız təbəqələr və rəqabət aparan maraqlar olmadan birbaşa əlaqələr daha səmərəli olduğunu sübut etmiş kimi görünür”. Şübhə yoxdur ki, illərdir davam edən qarşıdurmadan sonra Ermənistan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın böyümə potensialı var. Bəs, hansı iqtisadi sektorlar bu prosesin flaqmanı ola bilər? Bu suala cavabda İşxan Verdyan qeyd edib: “ Bu gün Ermənistan ilə Azərbaycan arasında praktik olaraq sıfır səviyyəsində iqtisadi fəaliyyət var, yəni, sadəcə olaraq, mövcud deyil. Əgər heç nə yoxdursa, onda hər şey yaradıla bilər. Həm də bu “hər şey” həqiqətən də müxtəlif sektorları, eləcə də hazırda proqnozlaşdırılması belə çətin olan bir çox digər sahələri əhatə edə bilər. İqtisadiyyat gözlənilməz, fövqəladə təsirlər yaratmaq üçün əlamətdar bir qabiliyyətə malikdir. Buna görə də əməkdaşlığın inkişafı çoxşaxəli ola bilər: faydalar ən az gözlənilən yerlərdə belə özünü göstərəcək. Uzunmüddətli perspektivdə regionun dünyanın ən uğurlu və nüfuzlu guşələrindən birinə çevriləcəyi bir konfiqurasiyaya çox yaxşı nail ola bilərik və bu, hətta bizim nəsil çərçivəsində də tamamilə əldə edilə bilən bir məqsəddir. Yeganə zəruri şərt liderlərin siyasi iradəsidir. Görünən odur ki, həmin iradə artıq formalaşır. Onilliklər davam edən gərginlikdən sonra region nəhayət uzunmüddətli sülh və inkişafın təməlinin qoyula biləcəyi bir nöqtəyə çatıb. Bunun üçün fövqəladə bir şey tələb olunmur - sadəcə, ardıcıl irəliləyiş və köhnə incikliklərdən imtina edilməsi”. Birbaşa əlaqələrin vacibliyini müəyyən edən digər amil iqtisadi perspektivlərlə bağlıdır. Cənubi Qafqazın tranzit, nəqliyyat və enerji infrastrukturu Avrasiyanın mühüm hissəsini bir-birinə bağlayır. Ermənistanın uzun illər regional layihələrdən kənarda qalması ölkə iqtisadiyyatının inkişafını məhdudlaşdırıb, Azərbaycan isə regionun əsas enerji və logistika qovşağına çevrildiyi halda, Ermənistan bundan yararlana bilməyib. İki ölkə arasında sülhün və əməkdaşlığın təmin olunması Ermənistanın regional iqtisadi layihələrə qoşulmasına imkan yaradacaq, bu isə həm Ermənistanın, həm də bütün regionun sosial-iqtisadi inkişafına təkan verə bilər. Bununla yanaşı, iqtisadi inteqrasiya siyasi sabitlik üçün də uzunmüddətli zəmanət yaradır. Ölkələr arasında ticarət əlaqələri, birgə nəqliyyat və enerji layihələri qarşılıqlı asılılığı artırır, müharibə riskini minimuma endirir. İqtisadi əlaqələrin genişlənməsi Ermənistan cəmiyyətində bölgənin inteqrasiyası ideyasını gücləndirə, eyni zamanda Azərbaycanda da sülhün praktiki faydalarını artıraraq qarşılıqlı etimadı möhkəmləndirə bilər.

Samirə SƏFƏROVA

Seçilən
14
baki-xeber.com

1Mənbələr