Sənədlər 30 gün ərzində ictimaiyyətə açıqlanacaq…
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteyn işi üzrə araşdırma materiallarının dərcini nəzərdə tutan qanunu imzaladığını açıqlayıb. O, bu barədə Truth Social sosial şəbəkəsində yazıb və sənədlərin 30 gün ərzində ictimaiyyətə təqdim olunacağını bildirib.
Tramp paylaşımında Epşteynin ABŞ Demokrat Partiyasına bağlı şəxs olduğunu xüsusi vurğulayıb. Prezident qeyd edib ki, onun göstərişi ilə Ədliyyə Nazirliyi artıq Konqresə təxminən 50 min səhifəlik sənəd təqdim edib: “Unutmayın — keçmiş prezident Co Baydenin administrasiyası demokrat Epşteynlə bağlı bircə sənədi belə açmadı və hətta bu haqda heç vaxt danışmadı”.
Materialların dərcini nəzərdə tutan qanun layihəsi 18 noyabrda Nümayəndələr Palatası tərəfindən təsdiqlənib, daha sonra Senatda sürətləndirilmiş prosedurla təsdiq alıb. Bununla belə, Tramp əvvəllər sənədlərin açıqlanmasına qarşı çıxır, həmçinin respublikaçı həmkarlarını bu tələblərə görə tənqid edirdi. Reuters yazır ki, bu mövqe prezidentin reytinqinə mənfi təsir göstərib və partiya daxilində narazılıqları artırıb.
Ceffri Epşteyn 2008-ci ildə azyaşlıların cinsi istismarı və fahişəliyə cəlb edilməsinə görə məhkum edilmişdi. 2019-cu ildə o, yenidən insan alveri və seksual istismar şəbəkəsi yaratmaqda ittiham olunaraq həbs olunmuşdu. Məhkəmə hökmü çıxarılmadan əvvəl o, saxlandığı həbsxanada intihar etmişdi. Epşteyn işi illərdir ABŞ siyasi elitasının bəzi nümayəndələri ilə əlaqələr, həmçinin hüquq-mühafizə orqanlarının istintaqdakı mümkün laqeydliyi barədə mübahisələrə səbəb olur.
Poliqon.info