AZ

ExxonMobil “Lukoil”in İraqdakı aktivlərini almaqda maraqlıdır

ABŞ nəhəngi “Qərbi Qurna-2” yatağı üzrə danışıqlara fokuslanıb…

Poliqon xəbər verir ki, ABŞ-ın ən böyük enerji şirkətlərindən biri olan ExxonMobil, “Lukoil”in sanksiya altında olan xarici aktivlərinin alınması imkanlarını araşdırmağa başlayıb. Məsələyə yaxın mənbələrin Reuters Agentliyinə bildirdiyinə görə, Exxon bu prosesdə artıq “Chevron”a qoşulub və Rusiyanın enerji nəhənginin bir sıra strateji aktivləri amerikalı alıcılar tərəfindən qiymətləndirilir.

Marağın mərkəzində İraqın “Qərbi Qurna-2” yatağı dayanır. Bu, “Lukoil”in ən dəyərli xarici layihələrindən biridir. ExxonMobil əvvəllər qonşu Qərbi Qurna-1 layihəsini idarə edib, lakin keçən il oradan çıxmışdı. ABŞ şirkəti indi ən yaxşı tanıdığı regiona qayıtmaq ehtimalını nəzərdən keçirir.

Bundan başqa, Exxon və Chevron Qazaxıstandakı Karacaqanak və Tengiz layihələrində də “Lukoil”in şərikləridir və hazırda bu aktivlərin alınması variantı da müzakirə olunur. Xatırladaq ki, hər iki yataq dünya enerji bazarında strateji əhəmiyyətə malikdir.

ABŞ Maliyyə Nazirliyi “Lukoil”lə danışıqlar aparmağa verilmiş icazənin müddətini 13 dekabra qədər uzadıb. Bu, potensial alıcılara aktivlərin qiymətləndirilməsi və təkliflərin hazırlanması üçün əlavə vaxt qazandırır.

“Lukoil”in xaricdəki portfeli kifayət qədər genişdir:

Avropada neft emalı zavodları;
Qazaxıstan, İraq, Meksika, Qana, Misir və Nigeriyada hasilat layihələrində paylar;
– Dünyanın müxtəlif ölkələrində yüzlərlə yanacaqdoldurma məntəqəsi.

Bu aktivlər 2024-cü il məlumatına görə, qlobal neft hasilatının təxminən 0,5 faizini təmin edir ki, bu da onları beynəlxalq enerji nəhəngləri üçün cəlbedici edir.

Məlumatlara görə, ExxonMobil və Chevronla yanaşı, BƏƏ-nin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) və ABŞ-ın investisiya fondu Carlyle də “Lukoil”in xarici aktivlərinə maraq göstərir. Hazırkı sanksiya mühiti fonunda bu aktivlərin taleyi həm siyasi, həm də iqtisadi baxımdan diqqət mərkəzindədir.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr