AZ

Kamran Bayramov: Ağdam dirçəlişin və qürurun rəmzidir

Qarabağın mədəni və iqtisadi mərkəzlərindən biri olan Ağdamın öz əvvəlki şöhrətinə qaytarılması dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Məhz bu yanaşmanın ifadəsi kimi, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, tarixi Zəfərdən sonra işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı quruculuq prosesi sürətlə başladı və bu proses Ağdam rayonunda xüsusilə böyük məsuliyyətlə icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənmiş və bu sənəd azad edilmiş rayonlar arasında ilk baş plan kimi qəbul edilmişdir. Baş plana əsasən, Ağdam azad olunmuş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək və burada 100 min nəfərin yaşayacağı nəzərdə tutulur. Hazırda şəhərdə geniş tikinti-quruculuq işləri aparılır, xarabalıqlar üzərində müasir Ağdam inşa olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər bərpa edilir, yol və infrastruktur layihələri həyata keçirilir, yeni istehsal sahələri qurulur, yaşıllıq zolaqları salınır və ərazilər mina və partlamamış sursatlardan təmizlənir. Ağdamda aparılan bərpa və yenidənqurma işlərinin mühüm istiqamətlərindən biri də iqtisadi infrastrukturun gücləndirilməsidir. Bu çərçivədə həyata keçirilən ən böyük layihələrdən biri Ağdam Sənaye Parkının yaradılmasıdır.  Dövlət başçımızın 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan bu sənaye parkı 190 hektar ərazini əhatə edir. Layihənin başlıca məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Deputat qeyd edib ki, Ağdamda aparılan bərpa işlərinin mühüm istiqamətlərindən biri də şəhərin zəngin mədəni irsinin dirçəldilməsidir. Birinci Qarabağ müharibəsinə qədər Ağdam Azərbaycan musiqisinin, xüsusilə də muğam sənətinin əsas inkişaf və formalaşma mərkəzlərindən biri kimi tanınırdı. Bir zamanlar burada keçirilən “Xarı Bülbül” festivalı yaddaşlarda silinməz izlər buraxmış, Azərbaycan mədəniyyətinin parlaq səhifələrindən birinə çevrilmişdi. Lakin müharibə bu mədəni irsin inkişafına da ağır zərbələr vurdu. Tarixi Zəfərdən sonra Ağdamın musiqi və muğam ənənələrinin bərpası istiqamətində geniş quruculuq işləri aparıldı və bunun ən mühüm nümunələrindən biri Ağdam Muğam Mərkəzinin yaradılması oldu. 2025-ci il mayın 10-da açılan bu mərkəz müasir standartlara uyğun inşa edilib və 474 yerlik konsert zalı ilə müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam konsertlərinin keçirilməsi üçün geniş imkanlar yaradır. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər yardımçı məkanlar fəaliyyət göstərir. Bundan əlavə, 615 nəfərlik açıq amfiteatrın inşası burada həm ənənəvi, həm də müasir musiqi tədbirlərinin keçirilməsinə şərait yaradır. Ağdam Muğam Mərkəzi Qarabağ bölgəsində qədim muğam sənətinin müharibədən əvvəlki şöhrətinin bərpası, bu sənətin tədrisi və təbliği, eləcə də gənc nəslin muğama sevgisinin artırılması baxımından strateji əhəmiyyət daşıyan bir ocaq olacaq.

K.Bayramov əlavə edib ki, yenidənqurma mərhələsi başa çatdıqdan sonra Ağdam Qarabağın ən böyük şəhərinə çevriləcək. Keçmişlə gələcəyin, qədim irslə müasir şəhərsalma standartlarının qovuşduğu yeni Ağdam həm də Azərbaycanın ən böyük yaşayış mərkəzlərindən biri olacaq. Göründüyü kimi, bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ artıq ölkəmizin iqtisadi gücünün, öz resurslarına əsaslanan inkişaf modelinin bariz nümunəsinə çevrilib. Prezident İlham Əliyevin bölgədə həyata keçirdiyi bütün layihələr heç bir beynəlxalq təşkilatın və ya dövlətin maddi dəstəyi olmadan, tamamilə Azərbaycanın öz iqtisadi imkanları hesabına reallaşdırılır. Bu isə həm dövlətimizin maliyyə dayanıqlığının, həm də Qarabağın bərpasına verilən strateji əhəmiyyətin ən parlaq göstəricisidir.

Seçilən
4
ikisahil.az

1Mənbələr