AZ

Deputat: “Ağdaşda kənd məktəbləri birləşdirilməli və avtobus təminatı olmalıdır”

ain.az, Operativ MM portalına istinadən məlumat yayır.

Deputat Sahib Alıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuş üzrə müzakirəsində çıxış edərək Ağdaş rayonunun təhsil, infrastruktur və mədəniyyət sahələri ilə bağlı təkliflərini səsləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Ağdaşda kənd məktəblərinin komplektləşdirilmiş siniflərdən birləşmiş məktəblərə keçirilməsi daha məqsədəuyğundur və uzaqda yaşayan şagirdlərin həmin məktəblərə daşınması üçün avtobus təmin olunmalıdır:

“İndi Azərbaycanın əksər rayonlarında kəndarası yolların infrastrukturu bu məqsəd üçün yetərincə uyğundur”, – deyə Alıyev qeyd edib.

O həmçinin bildirib ki, bu ilin fevralında Prezident İlham Əliyev Ağdaşın səkkiz yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri üçün 1,5 milyon manat ayırıb, deputat bunun üçün təşəkkürünü ifadə edib və ümidvar olduğunu bildirib ki, daha üç kəndarası yolun təmirinə də start veriləcək.

Deputat kənd mədəniyyət obyektlərinin də təkmilləşdirilməsinə diqqət çəkib:

“Kənd kitabxanaları, klublar və mədəniyyət evləri sadəcə üç-beş adamın məvacib aldığı iş yeri kimi baxılmamalıdır. Bu obyektlər əhalinin böyük qisminin üz tutduğu, mədəni ehtiyaclarının qarşılandığı, sosial mühit formalaşdıran məkana çevrilməlidir”, – deyə Alıyev bildirib.

Sahib Alıyev həmçinin Ağdaşda içməli su və elektrik təsərrüfatının yenidən qurulması məsələlərinin orta perspektivdə həllini tapacağına əminliyini ifadə edib. O, həmçinin Hesablama Palatasının rəyində yer alan təkliflərin nəzərə alınmasını arzuladığını qeyd edib və büdcə layihəsinin lehinə səs verəcəyini açıqlayıb.

Afət Ziyadqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
operativmm.az

2Mənbələr