AZ

“Sumqayıtda bir sıra mədəniyyət ocaqları acınacaqlı haldadır” –Deputatdan nazirə müraciət

“Sumqayıtda bir sıra mədəniyyət ocaqları acınacaqlı haldadır. Cəfər Cabbarlı adına Mədəniyyət Evinin binası qəzalı vəziyyətdədir”.

AzPost bildirir ki, bu barədə  Milli Məclisin plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deputat Elnarə Akimova bildirib.

Çıxışında seçildiyi Sumqayıt şəhəri ilə bağlı məsələlərə də toxunan deputat bir sıra mədəniyyət ocaqlarının acınacaqlı vəziyyətdə olduğunu bildirib. O, şəhərdəki bəzi kitabxanaların və musiqi məktəblərinin təmirə ehtiyacı olduğunu vurğulayıb.

Deputat həmçinin Hacı Zeynalabdin qəsəbəsində 40 mindən çox əhali yaşamasına baxmayaraq, bir dənə də mədəniyyət ocağının olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, mədəniyyət evləri və kitabxanalar yalnız mədəni-kütləvi tədbirlərin təşkilinə deyil, həm də gənclərin maariflənməsi və ziyanlı vərdişlərdən uzaq tutulmasına əhəmiyyətli təsir göstərir.

Elnarə Akimova aidiyyəti qurumları bu istiqamətdə tədbirlər görməyə, təmirə ehtiyacı olan məkanları nəzarətə götürməyə və ehtiyac olan ərazilərdə yeni mədəniyyət ocaqları açmağa çağırıb.

Millət vəkili daha sonra iclasda iştirak edən maliyyə naziri Sahil Babayevə xitabən Milli Kitab Mükafatı ilə bağlı təklifini səsləndirdi: “Mən komitənin iclasında Milli Kitab Mükafatının təsis edilməsi ilə bağlı məsələ qaldırmışdım. İnanıram ki məsələyə həssas yanaşacaqsınız.  Zəfəri qazandığımız indiki reallıqda, sözümüzü, həqiqətlərimizi bədii təcəssüm predmetinə çevirməklə dünyaya çatdırmağa daha çox ehtiyac var. Kitablarda bizim milli kimliyimiz, milli yaddaşımız qorunur. Dil siyasətini də bura əlavə etsək və əgər yaddaşlı nəsil yetişdirmək istəyiriksə, bu məsələlərə, kitaba, ədəbiyyata sərmayə qoymaqdan çəkinməməliyik”.

 

AzPost.az

Seçilən
37
2
azpost.info

7Mənbələr