Azərbaycan Prezidenti tərəfindən uyğun dəyişikliklər təsdiqləndikdən sonra "Vəkillər və vəkillik fəaliyyəti" haqqında qanunun 8-ci maddəsi dəyişdi. Bu dəyişiklik, yəni vəkillik fəaliyyəti üçün hüquqşünaslardan tələb olunan iş stajının 3 ildən 1 ilə endirilməsi təqdirlə qarşılandı. Hər kəs eyni düşüncədədir və bu addım hüquqi xidmətlər bazarının gələcək inkişaf trayektoriyası üçün strateji addım kimi dəyərləndirilir.
Staj tələbinin 1 ilə endirilməsi hüquq sisteminə hansı imkanlar açır?
İlk növbədə, hüquqi xidmətə çıxışın genişlənməsi ölkə üçün prioritet məsələdir. İqtisadi aktivlik yüksəldikcə, əhalinin hüquqi savadı artdıqca və biznes prosesləri mürəkkəbləşdikcə hüquqa tələbat kəskin şəkildə artır. Xüsusilə regionlarda vəkil çatışmazlığı müşahidə olunur və bu, real hüquqi müdafiə imkanlarını məhdudlaşdırır. Stajın 1 ilə endirilməsi daha çox hüquqşünasın vəkilliyə keçidini mümkün edir, xidmətlərin əlçatanlığını artırır, qiymət rəqabəti yaradır və ümumi hüquqi bazarın dinamikliyini gücləndirir.
Dəyişiklik həm də peşəyə daxilolmada süni baryerlərin aradan qaldırılması baxımından vacibdir. Əvvəlki 3 illik staj tələbi mahiyyət etibarilə praktik bacarıqları ölçmürdü; bu, yalnız zaman çəkən texniki maneə rolunu oynayırdı. Bir çox savadlı, motivasiyalı və hazırlıqlı hüquqşünaslar üçün bu müddət peşəyə daxilolmanın ləngidilməsi demək idi. Yeni tənzimləmə isə həm gənc kadrların qarşısını açır, həm də hüquqi bazara daha çevik kadr axını təmin edir.
Burada ən mühüm məqam ondan ibarətdir ki, vəkilliyə qəbulun əsas filtri staj deyil, imtahan mexanizmidir. Vəkillik imtahanı hazırda ölkədə ən ciddi və selektiv peşə imtahanlarından biri kimi tanınır. Qəbul prosesinin strukturu nəzərə alındıqda, stajın uzunluğu yox, namizədin real bilik və kompetensiyası həlledici rol oynayır. Bu səbəbdən stajın 1 ilə endirilməsi keyfiyyətə təhlükə yaratmır, tam əksinə, daha obyektiv və meritokratik sistemin möhkəmlənməsinə şərait yaradır.
Yeni nəsil hüquqşünasların cəlb edilməsi məsələsi də xüsusi vurğulanmalıdır. Gənclər hüququn müxtəlif sahələrində- rəqəmsal hüquqdan beynəlxalq kommersiya hüququna qədər- daha aktual biliklərə, daha güclü texnoloji bacarıqlara və müasir metodoloji yanaşmalara malikdirlər. Bu kadrların erkən mərhələdə vəkilliyə inteqrasiyası peşənin özünün modernləşməsini, xidmət standartlarının yenilənməsini və innovativ yanaşmaların artmasını təmin edir.
Tənzimləmə həm də Avropa təcrübəsi ilə uyğunluq baxımından təqdirəlayiqdir. Bir sıra inkişaf etmiş ölkələrdə vəkillik stajı tələbi ya yoxdur, ya da minimum səviyyədədir. Fundamental prinsip ondan ibarətdir ki, keyfiyyət stajın müddəti ilə deyil, sərt imtahan standartları və etik nəzarətlə təmin olunur. Azərbaycan da yeni qayda ilə bu trendlə uzlaşır və öz hüquq bazarının beynəlxalq rəqabət qabiliyyətini artırır.