ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Moskva, 20 noyabr, AZƏRTAC
Həmvətənimiz, filologiya elmləri doktoru, professor Zemfira İshakova Rusiya Prezident Akademiyasının - Rusiya Federasiyası Prezidentinin yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının (RXTDQA) tələbələri tərəfindən 2024–2025-ci tədris ilinin ən yaxşı müəllimi adına layiq görülərək fəxri fərmanla təltif edilib.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi Rusiya Federasiyası Prezidentinin yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında keçirilib. Fəxri fərman RXTDQA İctimai Elmlər İnstitutu tərəfindən “Siyasi idarəetmə” magistratura proqramı üzrə təqdim olunub.Tələbələr Zemfira xanımın peşəkarlığını, geniş elmi dünyagörüşünü və auditoriya ilə dialoq qurmaq bacaığını xüsusi qeyd ediblər.
Zemfira xanım AZƏRTAC-a açıqlamasında tədris etdiyi fənnin əhəmiyyətini vurğulayaraq deyib: “Siyasi idarəetmə” proqramında artıq yeddinci ildir “Siyasi idarəetmədə kros-mədəni kommunikasiya əsasları” fənnini tədris edirəm. Bu, mənim ən sevdiyim fənlərdən biridir və burada mən təkcə Hofstede, Hall, Leyuis, Verba və Almond kimi alimlərin əsərlərinə əsaslanan nəzəri biliklərimi deyil, həm də dil, mədəniyyət və təfəkkürün vəhdəti barədə fikirləri də tələbələrimə çatdırıram”.
Alim qeyd edib ki, həmişə məmnuniyyətlə kros-mədəni mühitdə formalaşmış şəxsi təcrübəsi ilə də bölüşür: “Bu təcrübə Azərbaycanında aldığım təhsil və tərbiyə, eləcə də Stenford Universiteti (ABŞ), Corciya Universiteti (ABŞ), Sun Yatsen Universiteti (Çin), TOBB Universiteti (Türkiyə), Azur Sahili Universiteti (Fransa), İstanbul Aydın Universiteti (Türkiyə), Qərbi və Şərqi Avropanın digər aparıcı universitetləri ilə uzunmüddətli akademik əməkdaşlığım nəticəsində formalaşıb”.
Professor həyat təcrübəsinin və kosmopolit düşüncə tərzinin peşəkar kimliyimin vacib hissəsi olduğunu vurğulayıb. “Bu, dərsləri kommunikasiya və konfliktlərin qarşısının alınması ilə bağlı nümunələrlə daha da zənginləşdirməyə kömək edir. Mənim fikrimcə, bu fənn müasir gənclərin maarifləndirilməsi üçün hər zamankından daha vacibdir. Mədəniyyətlərarası dialoqda qarşılıqlı anlaşmanın əldə edilməsi bütün dünyanın hər zaman maraq göstərdiyi məsələdir”, - deyə Zemfira İshakova əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.