AZ

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövləti tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 20 noyabr, AZƏRTAC

Bu gün qonşu Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövləti tərəfindən hərtəfəli qayğı ilə əhatə olunurlar. Azərbaycan dövləti gənc soydaşlarımızın təkcə təhsil haqlarını ödəməklə kifayətlənmir. Eyni zamanda, Gürcüstandakı Azərbaycandilli məktəblər hər il Azərbaycan dili və ədəbiyyatı dərslikləri, metodik vəsaitlərlə təmin olunur. Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun və SOCAR-ın Gürcüstan nümayəndəliyinin vəsaiti hesabına Gürcüstanın müxtəlif bölgələrində yeni məktəb binaları, uşaq bağçaları, idman kompleksləri tikilir, əsaslı təmir olunur. Bu gün Azərbaycan dövləti Gürcüstanda olan soydaşlarımızın müalicəsinə də yardın edir, ehtiyacı olanlar tibbi avadanlıq və davam-dərmanla da təmin olunurlar.

AZƏRTAC-ın xüsusi müxbiri bu yaxınlarda Azərbaycan dövlətinin maddi yardımı ilə ağır cərrahi əməliyyat keçirmiş və yenidən həyata qayıtmış Dmanisi rayonunun Yırğançay kənd sakini İmran Süleymanovla maraqlanıb, onun arzu və istəklərini öyrənib.

Yüksək dağ kəndində yaşayan 35 yaşlı İ.Süleymanovun həyat şəraiti o qədər də ürəkaçan deyil. Birmərtəbəli, lazımi kommunal şəraiti olmayan evdə yaşamaq çox çətindir. Digər tərəfdən də böyrək çatışmazlığı bu gənci daha çətin vəziyyətə salıb. Düzdür, Gürcüstan dövləti öz vətəndaşlarının müalicəsi üçün müəyyən miqdarda vəsait ayırır. Lakin bir çox hallarda bu vəsait insanın tam müalicə olunaraq normal həyata qayıtmasına kifayət etmir.

İlk vaxtlarda İmranın yaxınları öz hesablarına ona yardım etməyi düşünürlər. Lakin lazım olan vəsaiti bu yolla toplamaq mümkün olmadığı üçün Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət edirlər. Səfirlikdə müraciət araşdırılır, xəstə soydaşımıza kömək göstərilməsi üçün Azərbaycanlı İş Adamları Birliyinə (AZEBİ) müraciət olunur. Gürcüstandakı “Loğman” tibb mərkəzinin rəhbəri və AZEBİ-nin idarə heyətinin üzvü həkim Elcan Allahverdiyev deyir ki, əgər İmrana vaxtında yardım göstərilməsəydi o, həyatını itirəcəkdi.

Səfirliyin müraciətindən dərhal sonra AZEBİ xətsəyə yardım göstərdi. İ.Süleymanova donor tapıldı və ona böyrək köçürüldü.

“Düzdür, Gürcüstan dövlətinin də yardımı oldu. Amma bu yardım yalnız bir həddə qədər idi. Xəstənin tam yoxlanlması və çətin tapılan çox bahalı dərmanları alınması üçün xeyli pul lazım idi. AZEBİ lazım olan 60 min lari vəsaiti ödədi və xəstənin əməliyyatı və müalicəsi uğurla başa çatdırıldı”, – deyə E.Allahverdiyev bildirib.

Onun sözlərinə görə, İ.Süleymanovun tam müalicəsi uzun zaman tələb etdiyi üçün o, indi də həkim nəzarəti altındadır və vaxtaşırı ona lazımi diqqət yetirilir.

E.Allahverdiyev deyir ki, bu, Azərbaycanın Gürcüstandakı səfirliyinin və AZEBİ-nin soydaşlarımıza ilk və son yardımı deyil. Bundan əvvəl də Azərbaycan səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, AZEBİ-nin dəstəyi ilə Gürcüstanda ehtiyacı olan soydaşlarımıza əlil arabaları, tibbi ləvazimat, gözdən əlillər üçün lazım olan vaksinlər və dərman verilir. Bölgələrdə soydaşlarımızın tibbi müayinələri təşkil olunur. Azərbaycan Prezidentinin birbaşa tapşırığı ilə təşkil olunan tibbi müayinələrdən azərbaycanlılarla yanaşı, yerli gürcülər və digər etnik azlıqların nümayəndələri də faydalanırlar.

Soydaşımız İmran Süleymanov deyir ki, əvvəllər sağlıq durumunda problem olmayıb. Lakin ailə həyatı qurduqdan sonra bir neçə il Bakıda yaşayıb. Sonradan sağlamlığında yaranan problemlə əlaqədar Gürcüstana qayıdıb. Vəsait çatışmazlığı ailəni daha da pis vəziyyətə qoyub və ailə dağılıb. 2024-cü ildə komaya düşən İmrana böyrək köçürülməsi məsləhət bilinib.

“Mən yenidən normal həyata qayıdacağıma inanmırdım. Amma bu gün artıq özümü normal hiss edirəm. Mənə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidentinə, səfirliyə və AZEBİ rəhbərliyinə minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, azərbaycanlıyam və arxamızda Azərbaycan dövləti dayanıb”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İmran Süleymanovun qanında tapılan nadir mikrob da onun səhhətini pisləşdirib. Əməliyyatdan əlavə, onun müalicə xərci 60 min lari (təxminən 23 min dollar) təşkil edib. Müalicə isə hələ də davam edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
azertag.az

1Mənbələr