AZ

İsveç parlamentinin spikeri xanımının vergiödəyicilərinin hesabına səyahət etdiyinə görə tənqidə məruz qalır

Stokholm, 20 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç parlamentinin (Riksdaq) spikeri Andreas Norlen rəsmi vəzifə tutmayan həyat yoldaşı Helena Norleni dəfələrlə özü ilə rəsmi səfərlərə aparıb.

AZƏRTAC xəbər verir ki, “Dagens Nyheter” (DN) qəzetinin məlumatına görə, vəzifəyə başladığı dövrdən bəri spikerin xanımı əri ilə birlikdə 35 səfərdə olub ki, bunlardan on üçünün xərcləri dövlət tərəfindən ödənilib. Ümumilikdə, bu səfərlərə təxminən 110.000 kron (təxminən 10.000 dollar) xərclənib. O, həmçinin dövlət vəsaiti hesabına dörd dəfə hökumət təyyarəsində uçub.

Riksdaqın qaydalarına əsasən, “xüsusi əsaslar” olduqda, spikerin həyat yoldaşı rəsmi səfərlərə daxil edilə bilər. Lakin bu cür səfərlərlə bağlı qərarlar adətən spikerin özü tərəfindən qəbul edilir. Bəzi hallarda sənədlər geri tarixdə imzalanıb.

Ən bahalı səfərlər arasında hökumət təyyarəsi ilə daxili uçuşlar 75 min kron (6800 dollar) və 71.226 kron (təxminən 6500 dollar) var. Xarici səfərlərə gəldikdə, Helena Norlenin Yaponiyaya uçuş zamanı biznes sinfi üzrə biletinin qiyməti 62.747 kron (5700 dollar) və Cənubi Koreyaya nümayəndə heyətinin hökumət təyyarəsi ilə uçuşunun dəyəri təxminən 300.000 kron (təxminən 27.000 dollar) olub.

Spikerin xanımı Cənubi Koreyaya beşgünlük səfəri zamanı Seulda keçirilən müxtəlif tədbirlərdə İsveç parlamentarilərindən ibarət nümayəndə heyəti ilə birlikdə iştirak edib. Lakin onun ayrıca bir gündəliyi də var idi. Digərləri siyasi forumlarda iştirak edərkən, o, mebel muzeyinə baş çəkib, koreyalı bir sənətçi ilə çay içib və görməli yerləri gəzməyə vaxt ayırıb.

Tənqidçilər qeyd edirlər ki, həyat yoldaşının iştirakını ölkədaxili səfərlərdə haqlı çıxarmaq Andreas Norlen üçün xüsusilə çətindir, çünki spiker dövlətin nümayəndəsi deyil, parlamentin rəhbəri qismində çıxış edir. Bundan əlavə, onun xanımının gündəliyi çox vaxt rəsmi səfər proqramı ilə əlaqəli olmur.

 

Seçilən
33
2
azertag.az

3Mənbələr