AZ

Çin Yaponiya ilə diplomatik gərginlik fonunda baş nazirlərin görüşünü mümkün hesab etmir

Pekin, 20 noyabr, AZƏRTAC

Çin Dövlət Şurasının Baş naziri Li Çian “Böyük iyirmilik” (G20) ölkələri liderlərinin sammiti çərçivəsində Yaponiya Baş naziri xanım Sanae Takaiçi ilə görüşməyəcək.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mao Nin gündəlik mətbuat konfransında Yaponiya tərəfinin Çin ilə dialoqa açıq olmasına dair iddialarla bağlı sualı cavablandırarkən belə deyib. Çin XİN rəsmisi Yaponiyanı ehtiyatlı davranmağa çağırıb.

“Yaponiya xatırlamalıdır ki, Tayvan Çinin Tayvanıdır və Tayvana nə olursa olsun, bu, ümumiyyətlə, Yaponiyaya aid deyil”, - deyən Mao Nin əlavə edib ki, Tayvanı problem yaratmaq üçün istifadə etmək yalnız Yaponiyanın özünə problem gətirəcək.

Qeyd edək ki, Yaponiyanın yeni Baş naziri Sanae Takaiçinin Tayvana hərbi müdaxilənin ölkəsinə təhdid olacağı barədə bəyanatından sonra Çin ilə Yaponiya arasında münasibətlərdə gərginlik yaranıb. Çin öz vətəndaşlarına Yaponiyaya səyahət etməməyi tövsiyə edib. Çin aviaşirkətləri isə Yaponiya istiqamətindəki biletləri cəriməsiz geri qaytarmağa başlayıb. Bundan başqa, Çin Yaponiyadan dəniz məhsullarının idxalını yenidən qadağan edəcəyini açıqlayıb. Çin tərəfi iki ölkə arasında elmi və mədəni tədbirləri də ləğv edib.

İki ölkə arasında yaranmış gərginlik Çin və Yaponiya xarici siyasət idarələrinin departament rəhbərlərinin Pekində keçirilən görüşündə də müzakirə olunub.

Rəsmi Pekin bəyan edib ki, Yaponiya tərəfi Çinin Tayvan regionu ilə bağlı yanlış fikirlərini geri götürməkdən imtina edərsə, Çinin qətiyyətli əks-tədbirlər görməkdən başqa çarəsi yoxdur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
39
1
azertag.az

2Mənbələr