AZ

AMEA-nın müxbir üzvü: “Türkoloji sənətşünaslıq” adlı yeni elmi istiqamət formalaşıb

Bakı, 20 noyabr, AZƏRTAC

Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda çıxış edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, alim çıxışında ənənəvi musiqinin milli kimliyin əsas göstəricilərindən biri olduğunu vurğulayıb. Alim qeyd edib ki, musiqi bütövlükdə ənənəvi incəsənətin böyük bir hissəsini təşkil edir və etnosun özünü dərk etməsi, fərqləndirməsi və mədəni xüsusiyyətlərinin toplanması baxımından mühüm əhəmiyyətə malikdir.

Ərtegin Salamzadə Türk dünyasında mədəni kimliyin iki səviyyədə formalaşdığını, həm ayrı-ayrı xalqların milli səviyyəsində, həm də ümumi türk identikliyi çərçivəsində təzahür etdiyini bildirib. O, qədim türklərin yaratdığı böyük dövlətlərdən, geniş coğrafiyalardan bəhs edərək məkana və dilə əsaslanan ümumtürk kimliyinin tarixi dərinliyini diqqətə çatdırıb. Vurğulayıb ki, türklərin yaratdığı geniş coğrafi sivilizasiya məkanı və ortaq dil amili ümumi türk kimliyinin formalaşmasında böyük rol oynayıb.

Direktor müasir türkologiyanın yalnız dilçiliklə məhdudlaşmadığını, artıq folklor, incəsənət, memarlıq, etnoqrafiya, fəlsəfə və arxeologiya kimi sahələri də əhatə etdiyini vurğulayıb. O, türk mədəniyyətinin zəngin materialarının sistemləşdirilməsi üçün yeni metodoloji yanaşmalara ehtiyac olduğunu, bu baxımdan “türkoloji sənətşünaslıq” adlı yeni elmi istiqamətin formalaşdığını diqqətə çatdırıb.

Professor Ərtegin Salamzadə qeyd edib ki, müasir yanaşma hər bir türk xalqının özünəməxsusluğunun araşdırılmasına mane olmur, əksinə, vahid türk mədəniyyətinin daha dərindən öyrənilməsinə imkan yaradır: “Bir xalqın mədəniyyətini araşdırmaq, bütövlükdə türk mədəniyyətini öyrənmək deməkdir”.

Alim türk mədəniyyətinin vahid şəkildə tədqiqinin yeni elmi imkanlar açdığını, ənənəvi musiqinin isə bu böyük sivilizasiyanın mühüm semantik qatlarından birini təşkil etdiyini vurğulayaraq fikrini tamamlayıb.

Seçilən
50
1
azertag.az

2Mənbələr