Bakı, 20 noyabr, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyinin və “Bayramlı GROUP”-un birgə təşkilatçılığı ilə “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, elmi-tədqiqat institutunun alimləri, özəl və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Aqrar Xidmətlər Agentliyindən məlumat verilib.
Konfransda giriş sözü ilə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çıxış edərək baytarlıq xidmətlərinin institusional potensialının gücləndirilməsinin heyvan sağlamlığının qorunması və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və fermerlərə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müasir və innovativ metodların tətbiqi sayəsində profilaktik tədbirlərin düzgün planlaşdırılması, eləcə də epizotik sabitliyin təmin edilməsi və xəstəliklərlə mübarizədə qabaqlayıcı tədbirlərin gücləndirilməsi sahəsində mühüm nəticələr əldə edilməkdədir.
Sərdar Hacıyev vurğulayıb ki, bu səpkidə tədbirlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baytar mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmaların tətbiqinə öz töhfəsini verəcək.
Kənd Təsərrüfatı Nazirinin müşaviri Zaur Əliyev çıxış edərək son illərdə ölkədə heyvan sağlamlığı üzrə aparılan islahatlar, baytarlıq xidmətlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. O, həmçinin heyvan xəstəliklərinə qarşı mübarizədə müasir elmi metodların tətbiqinin vacibliyini vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq şöbəsinin müdiri Bayandur Rzayev ölkədə epizotik vəziyyətin sabit saxlanmasında, eləcə də heyvandarlıq məhsullarının istehsalında baytarlıq sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bu sahədə innovativ texnologiyanın tətbiqinin vacibliyini bildirib.
“Bayramlı Group” şirkətinin direktoru Cavid Bayramlı özəl baytarlıq xidmətinə keçidin üstünlükləri və dövlət-özəl əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
HSBXM-nin rəis müavini Yusif İbrahimov heyvan sağlamlığı və baytarlıq xidmətləri sahəsində cari ildə görülmüş işlərə dair hesabatı iştirakçıların diqqətinə çatdırıb.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini Mehman Hacızadə “Regionda qeydə alınan xüsusi təhlükəli xəstəliklər: Təhdidlər və hədəflər”, ADA Universitetinin əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ömərov “Baytarlıq təbabətində profilaktik strategiyaların CRISPR-Cas9 əsaslı genetik redaktə üsulları ilə inteqrasiyası”, Mehmet Akif Ersoy Universitetinin professoru Örsan Güngör və baytar həkim Osman Cengiz “İribuynuzlu heyvan xəstəliklərinin profilaktikası və müalicəsində tətbiq olunan yeni yanaşmalar”, “Bayramlı Group” şirkətinin direktor müavini Dürdanə Rəcili “Xüsusi təhlükəli xəstəliklərin müasir diaqnostika üsulları”, FAO-nun eksperti Elşad Rzayev isə “Baytarlıq sahəsində biotəhlükəsizlik qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması” mövzularında təqdimatla çıxış edərək, ətraflı məlumat veriblər.
Sonda heyvan xəstəliklərinin erkən aşkarlanması, diaqnostik proseslərin təkmilləşdirilməsi, müasir profilaktika modelləri, həmçinin dövlət-özəl əməkdaşlığının gücləndirilməsinə dair müzakirələr aparılıb.