Bakı, 20 noyabr, Sevda Cəfərova, AZƏRTAC
1926-ci ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayla bağlı silsilə yazılar davam etdirilir.
Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi Pərvin Eyvazov AZƏRTAC-a müsahibəsində Birinci Türkoloji Qurultayın Azərbaycanda türkoloji düçüncənin inkişafına təsirindən və müasir çağırışlardan danışıb.
Müsahibimiz bildirib ki, XX yüzilliyin əvvəllərində türk coğrafiyasında, o cümlədən Azərbaycanda baş verən milli-ideoloji oyanış ədəbiyyatın, mədəniyyətin və humanitar elmlərin müxtəlif sahələrində olduğu kimi, türkoloji araşdırmalara da əsaslı şəkildə təsir göstərdi, yaranmış əlverişli tarixi-siyasi şərait və elmi-mədəni mühit nəticəsində ölkəmiz aparıcı türkoloji mərkəzə çevrildi. Xalqı milli oyanışa səsləyən, türkçülük məfkurəsini təbliğ edən ədəbi-bədii əsərlərin və mədəniyyət nümunələrinin yaranması ilə yanaşı, türklərin mənşəyini, tarixi-siyasi və dil birliyini, ümumən etnik-mənəvi bütövlüyünü əks etdirən elmi-publisistik yazıların dövri mətbuatda kütləvi şəkildə yer alması türkologiyanı elmi sahəsi kimi formalaşdırmağa başladı. Türkçülük ideologiyasının təsiri ilə təşəkkül tapmağa başlayan Azərbaycan türkologiyası qısa zamanda elmi vüsətini genişləndirərək sanballı tədqiqatlar nəticəsində öz istiqamət və hədəflərini müəyyənləşdirdi. Bu baxımdan 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi, burada müzakirə edilən və türk xalqlarının müqəddəratını müəyyənləşdirən taleyüklü məsələlər Azərbaycanı aparıcı türkoloji mərkəz kimi xarakterizə edən mühüm tarixi faktdır. Türk dünyasının dörd dahi dilçisindən biri olan professor Bəkir Çobanzadənin Bakıya gəlişi, burada elmi və ictimai fəaliyyəti Azərbaycan türkologiyasını təkcə elm sahəsi kimi deyil, həm də ideoloji düşüncənin mühüm təbliğat istiqaməti kimi önə çəkdi. Birinci Türkoloji Qurultay məhz belə bir ictimai-siyasi və mədəni şəraitdə baş tutdu və Türk dünyasının şanlı səhifəsi kimi tarixin yaddaşına əbəbi həkk oldu. Bu baxımdan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 oktyabr tarixli Sərəncamı ilə bu əlamətdar tarixi hadisənin qeyd olunması türk dövlətləri arasında siyasi-mənəvi bağların daha da möhkəmləndiyi, o cümlədən 2020-ci ildə əldə olunmuş tarixi Zəfərlə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edildiyi bir dövrdə Türk dünyasının birliyinə böyük çağırışın növbəti təzahürüdür.
Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayda türkoloji dilçilik sahəsində irəli sürülən təkliflər, xüsusilə elmi əhəmiyyət kəsb edən məsələlərin - türk dillərinin yaxın qohumluğu, Altay dillərinin qohumluğu, qədim türk dillərinin öyrənilməsi, türkologiyanın tarixi və müasir vəziyyəti, əlifba, orfoqrafiya, terminologiya, ümumtürk ədəbi dili və türk dillərinin tədrisi metodikası, demək olar ki, ötən dövr ərzində müzakirə olunub, təhlil edilib və araşdırılıb.
“Şübhəsiz ki, qurultayda səsləndirilən bu problemlərə müasir yanaşma məzmun və istiqamətinə görə o dövrün reallıqlarından fərqlənəcək. Həmin dövrə görə bu məsələlər tamam başqa cür aktuallıq kəsb edirdi, bu gün isə məsələlərə yanaşma fərqlidir. Həmçinin müzakirəyə çıxarılmış elə məsələlər var ki, onlar sırf elmi tədqiqat xarakterlidir, elələri də var ki, siyasi-mədəni xarakter daşıyır. Məsələn, ortaq türk dili məsələsi təkcə türkologiya elminin predmeti deyil, bu həm də siyasi qərardır. Burada ortaq türk dili və ortaq ünsiyyət dili anlayışları da mütləq fərqləndirilməli və bununla bağlı qərar yüksək dairələr səviyyəsində qəbul edilməlidir.
Əlifba məsələsi də bu baxımdan həssas mövzulardan biridir və qurultayda müzakirə olunan bu məsələ ilə bağlı yaxın dönəmdə qəbul edilən qərarlar da sevindiricidir. Ancaq türk dillərinin tədqiqi və tədrisi ilə bağlı qurultayda qeyd olunan ayrı-ayrı məqamlar bu gün də türk dilçiliyi üçün əsas istinad mənbələrindən biridir. Həm də qurultayda qoyulan məsələlər və onlarla bağlı edilən məruzələr dövrün elmi-mədəni mənzərəsi baxımından daha çox Türk dünyası üçün qlobal xarakter daşıyan məqamları əhatə edir. Məsələn, ayrı-ayrı türk dillərinin akademik qrammatikalarının yazılması, müqayisəli tədqiqatların aparılması, türkdilli lüğətlərin hazırlanması, dilçilik coğrafiyası baxımından türk dilləri və onların şivələrinin öyrənilməsi, qədim türk dillərinin tədqiqat istiqamətlərinin genişləndirilməsi, tədris məsələləri o dövr üçün daha böyük miqyasda aktuallıq kəsb edirdi. Bu gün isə həmin məsələlər ayrı-ayrı türk dövlətlərində və xalqlarında fərqli şəkildə müzakirə oluna bilər. Elə türk xalqları var ki, bu məsələlərin hamısı indi də onların üçün aktualdır, elə türk xalqları var ki, bu gün həmin istiqamətlərlə bağlı çoxsaylı tədqiqatlar aparılıb, ancaq həmin geniş miqyaslı araşdırmalar ortaya yeni istiqamətlər və yanaşmalar qoyur və tədqiqat zərurəti yaradır. Bu baxımdan günümüzdə beynəlxalq miqyasda aparılan türkoloji tədqiqatlar üçün Birinci Türkoloji Qurultayın materialları aparıcı mənbə kimi öz aktuallığını qoruyub saxlayır, türk dilçiliyinə dair əsərlərdə həmin məruzələrinin materiallarına tez-tez istinad olunur”, - deyə müsahibimiz əlavə edib.
P.Eyvazov vurğulayıb ki, qurultayda səsləndirilən bu məsələlərin arxasında dünyamiqyaslı görkəmli türkoloqların təklifləri və görüşləri dayanır və onlar bu gün də elmi araşdırmalarda yeni istiqamətlər üzrə öz aktuallığını itirməyib: “Düşünürəm ki, Azərbaycanda Qurultayın 100 illik yubileyinin keçirilməsi bir sıra istiqamətlərdə yeni üfüqlər açması baxımından ümidvericidir. Çünki elə məsələlər və istiqamətlər var ki, onlar Azərbaycan türkologiyasında bu gün də öz həllini gözləyir. Birincisi, türkoloji tərcümə sahəsində intensivliyi gücləndirmək lazımdır. Çünki bizdə türk xalqlarına dair tərcümələr daha çox ədəbi-publisistik materiallarla müşayiət olunur. Beynəlxalq türkoloji araşdırmaların məhsulu olan mühüm elmi əsərlərin dilimizə tərcüməsi ilə bağlı görülən işlərin sayı azdır. Ona görə də dünya türkologiyasının görkəmli simalarının elmi əsərlərinin dilimizə tərcümə olunmasına ciddi ehtiyac var. Türkiyədə belə bir təcrübə var: Türk Dil Qurumunun, elmi-tədqiqat və ali təhsil müəssisələrinin, nəşriyyatların dəstəyi ilə görkəmli dünya türkoloqlarının əsərləri tərcümə olunub türk ictimaiyyətinə böyük tirajla təqdim olunur. Bizdə isə bu məsələ şəxsi təşəbbüslər nəzərə alınmazsa, demək olar ki, diqqətdən kənarda qalıb.
İkincisi, dünyanın aparıcı türkoloji mərkəzləri ilə elm və ali təhsil müəssisələri arasında elmi-pedaqoji əməkdaşlığı dərinləşdirilməsinə ehtiyac duyulur. Bizdə türkoloji dilçiliyə dair baxışlar əsasən rus türkologiyasına söykənir. Bunun səbəbi 70 illik sovet elmi-türkoloji mühitinə bağlılıqdır. Ancaq Avropanın (Almaniya, Macarıstan, İtaliya, Balkanlar), Asiyanın (Yaponiya, Çin, Koreya) bir çox ölkələrində mühüm türkoloji mərkəzlərin fəaliyyətinin ölkəmizdə təbliğinə ciddi ehtiyac duyulur. Həmçinin həmin ölkələrdə yaşayan müxtəlif türk xalqlarının dillərinin, o cümlədən türklərə dair qədim mənbələrin öyrənilməsi üçün davamlı əlaqələrin qurulması zamanın tələbidir. Azərbaycanda türkoloji dilçilik B.Çobanzadənin təbirincə desək, daha çox “kabinet dilçiliyi”dir. Ona görə də yüz illiyin qeyd olunması ilə qarşıya bir çox hədəflər qoyula bilər: türkoloji dilçiliyin praktik istiqamətlərinin inkişaf etdirilməsi, bu sahədə müxtəlif türk dillərini kifayət qədər yaxşı bilən dilçi mütəxəssislərin hazırlanması və bununla da müqayisəli planda araşdırmaların miqyasının genişləndirilməsi, habelə türk leksikoqrafiyası sahəsindəki durğunluğun aradan qaldırılması”.
O qeyd edib ki, Azərbaycan türkologiyası Türk dünyası ölkələrinin elmi mühitində özünəməxsus yeri və ağırlığı ilə seçilir. Azərbaycanda türkoloji düşüncənin inkişafına Əli bəy Hüseynzadə, Bəkir Çobanzadə kimi böyük ziyalılar töhfələr verib. Onların qoyduğu möhkəm təməllər üzərində Azərbaycan türkologiyası öz inkişaf təmayyülərini müəyyənləşdirib. Heç şübhəsiz ki, Birinci Türkoloji Qurultayın ölkəmizdə keçirilməsi də bunun bariz nümunələrindən biridir. Sonradan Azərbaycan türkologiyasında Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev, Şəmsəddin Cəfərov, Yusif Seyidov, Fərhad Zeynalov, Əlövsət Abdullayev, Məmməd Adilov, Ağamusa Axundov, Samət Əlizadə, Tofiq Hacıyev, Ramiz Əskər, Əbülfəz Rəcəbli, Nizami Cəfərov və onlarla başqa dilçi-türkoloqun adını qeyd etmək olar ki, onlar nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda tanınmış, Azərbaycan türkologiyasını layiqincə təmsil etmiş böyük simalardır.
“Əslində, qurultayda müzakirə olunan və həlli vacib olan bütün məsələlərin Azərbaycan türkologiyasında tamamilə həll edildiyini demək olmaz. İlk növbədə, Qurultayın tarixinə qayıdış yüzillik bir dönəmdə diqqətdən kənarda qalmış və ya az öyrənilmiş türkoloji məsələlərin tədqiqini aktuallaşdırır. Fikrimizcə, Qurultayda türk dillərinin tədqiqi və tədrisi ilə bağlı səsləndirilmiş fikirlərin, dinlənişmiş məruzələrin müasir elmi baxışlar səviyyəsində təhlil və tədqiqinə ciddi ehtiyac var. Yəni orada qoyulan məsələlərin çağdaş dövrün elmi-mədəni şəraiti baxımından aktuallığı və vacibliyi işıqlandırılmalıdır. Gənc tədqiqatçıları bu sahədəki araşdırmalara cəlb etmək maraqlı olar”,- deyə P.Eyvazov fikrini tamamlayıb.