AZ

Azərbaycan muğamı və aşıq yaradıcılığı Türk dünyasının bütün guşələrində olan oxşar musiqi kodları ilə səsləşir

Bakı, 20 noyabr, AZƏRTAC

I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu xalqlarımızın mənəvi yaddaşını, özünüdərk prosesini və mədəni davamlılığını anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Hacıyev I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın tədbirə ünvanladığı mətni səsləndirərkən bildirib. O, AMEA Folklor İnstitutu tərəfindən təşkil edilən bu elmi platformanın Türk dünyasının mədəni irsinin, ənənəvi musiqinin öyrənilməsi baxımından mühüm rol oynadığını qeyd edib.

“Türk xalqlarının çoxəsrlik mədəni irsində musiqi sadəcə bir incəsənət sahəsi deyil, həm də kimlik daşıyıcısı, yaddaşın qoruyucusu, nəsilləri bir-birinə bağlayan körpüdür”, – deyən Fəxri Hacıyev Azərbaycan muğamı, aşıq yaradıcılığı, el havaları və milli ifa ənənələrinin Türk dünyasının bütün guşələrində mövcud olan oxşar musiqi kodları ilə səsləşdiyini vurğulayıb.

Fəxri Hacıyev, həmçinin bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondunun əsas vəzifəsi Türk dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və beynəlxalq səviyyədə tanıdılmasıdır. Ənənəvi musiqi ailələrinin tədqiqi, onların rəqəmsallaşdırılması, arxivləşdirilməsi, ifaçı nəsillər arasında körpü qurulması və gənclərin bu irsə marağının artırılması Fondun prioritet istiqamətləri sırasındadır.

O, həmçinin Folklor İnstitutu ilə Türk Mədəniyyəti və İrsi Fondunun son bir il ərzində inkişaf edən beynəlxalq əməkdaşlıq əlaqələrindən danışıb, icra olunan birgə layihələr barədə məlumat verərək mövcud tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Alim simpoziumun elmi fikir mübadiləsinin aparılmasına, ənənəvi musiqinin mədəni və sosial funksiyalarının araşdırılmasına, yeni tədqiqat istiqamətlərinin formalaşmasına şərait yaradacağına əminliyini ifadə edib.

Tədbirin təşkilinə görə Folklor İnstitutuna təşəkkürünü bildirən Fəxri Hacıyev vurğulayıb ki, Türk mədəniyyətinə xidmət edən bu kimi təşəbbüslər birliyimizi möhkəmləndirir, milli kimliyimizi daha da gücləndirir.

Seçilən
34
1
azertag.az

2Mənbələr