AZ

I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb

Noyabrın 20-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunan I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb.

AMEA-dan bildirilib ki, tədbir AMEA Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Musiqi və İncəsənət Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin kitabxananın foyesindəki büstü önünə tər güllər düzülüb, dahi liderin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli simpoziumun əsas məqsədinin Türk dünyasının zəngin musiqi folklorunun, xüsusilə balaban, zurna və saz kimi qədim musiqi alətlərinin tarixi köklərinin, mədəni kimlikdəki yerinin və kollektiv yaddaşdakı izlərinin elmi müstəvidə araşdırılması olduğunu bildirib. O, həmçinin zurna-balaban məktəbinin görkəmli nümayəndəsi, Kalvalı Əli Dədə kimi tanınan Əli Kərimovun yaradıcılığına Türk dünyası kontekstində nəzər salınması baxımından simpoziumun elmi əhəmiyyət daşıdığını qeyd edib.

AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər elm ictimaiyyəti qarşısında yeni strateji vəzifələr müəyyənləşdirir. Milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılığın gücləndirilməsi və mədəni irsin cəmiyyətə təqdim olunması istiqamətləri sənət korifeylərinin irsinin elmi əsaslarla öyrənilməsi və yaşadılmasını zəruri edir.

Akademik İsa Həbibbəyli Kalvalı Əli Dədənin zurna, balaban və tütək kimi nəfəs alətlərinin mahir ifaçısı olduğunu, 70-dən çox rəqs havasının müəllifi kimi böyük bir məktəb yaratdığını xatırladaraq, onun sənətinin bu gün həm davamçıları, həm də ailə üzvləri tərəfindən yaşadıldığını qeyd edib. O, ustad sənətkarın 150 illiyinə həsr olunan bu simpoziumun həm elmi ictimaiyyətin Əli Dədənin irsinə ehtiramının ifadəsi, həm də qədim nəfəs alətlərinin təşviqinə xidmət edən mühüm hadisə olduğunu söyləyib. Qeyd edib ki, tədbirdə təqdim olunacaq məruzələr ölkəmizdə bu istiqamətdə aparılan ilk fundamental elmi tədqiqatlar kimi xüsusi əhəmiyyət kəsb edir və ənənəvi ifaçılıq irsinin sistemli şəkildə öyrənilməsinə yeni perspektivlər açır.

Sonra Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın tədbirə ünvanladığı mətni səsləndirib.

O, simpoziumun türk xalqlarının ortaq mənəvi yaddaşının araşdırılması baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, ənənəvi musiqi türkdilli xalqlar üçün sadəcə incəsənət sahəsi deyil, kimliyimizi yaşadan, nəsillər arasında bağ yaradan və mədəni davamlılığı təmin edən fundamental bir dəyərdir. Xüsusilə muğam, aşıq sənəti, el havaları kimi milli ənənələrin Türk dünyasının müxtəlif bölgələrində mövcud olan oxşar musiqi kodları ilə səsləşməsi ortaq mədəni köklərin güclü göstəricisidir.

Fəxri Hacıyev Folklor İnstitutu ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında son bir il ərzində həyata keçirilən əlaqələrdən də bəhs edərək, icra olunan birgə layihələr haqqında məlumat verib, əməkdaşlığı yüksək qiymətləndirib.

Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə çıxışında simpoziumun türk xalqlarının mədəni inteqrasiyası, elmi əməkdaşlıq mühiti və ortaq mədəni dəyərlər ətrafında sıx birləşməsi üçün mühüm platforma yaratdığını bildirib. O vurğulayıb ki, müasir dövrdə ənənəvi musiqinin etnik kimliyin mühüm göstəricisi kimi elmi paradiqmalar əsasında araşdırılması xüsusi aktuallıq daşıyır və simpozium bu istiqamətdə nəzəri və praktik yanaşmaların dəqiqləşdirilməsinə şərait yaradır.

Rektor bugünkü simpoziumun Türk dünyasında mədəni inteqrasiyanın inkişafına, ortaq musiqi yaddaşının qorunmasına və yeni elmi əməkdaşlıqların formalaşmasına əhəmiyyətli töhfə verdiyini diqqətə çatdırıb.

Tədbirdə ADPU-nun prorektoru professor Mahirə Nağıqızı Hüseynova Kalvalı Əli Dədənin irsinin gənc nəslə tanıdılmasının vacibliyinə toxunaraq bildirib ki, 150 il əvvəl “kalvalı” olmaq böyük sənətkarlıq, dərin mənəvi dəyərlər və ustalıq tələb edirdi. Bu gün gənclərimiz həmin ənənələrin məzmununu dərk etmir. Bu kimi simpoziumlar milli yaddaşımızın, musiqi düşüncəmizin və folklor irsimizin öyrənilməsi baxımından son dərəcə önəmlidir.

Daha sonra Ankara Musiqi və İncəsənət Universitetinin rektoru professor Erhan Özden çıxış edərək türk incəsənətinin, ənənəvi musiqinin tarix boyu kimlik quruculuğunda və mədəni sabitlikdə mühüm rol oynadığını bildirib. Qeyd edib ki, musiqi türk xalqları üçün sadəcə incəsənət sahəsi deyil, ümumtürk mədəni kodlarını yaşadan mühüm irsdir.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə isə çıxışında Türk dünyasında mədəni kimliyin formalaşması və musiqinin rolundan bəhs edib. Bildirib ki, musiqi yalnız incəsənətin bir hissəsi deyil, etnosun özünü dərk etməsi, fərqləndirməsi və mədəni xüsusiyyətlərinin qorunması baxımından əsas göstəricilərdən biridir.

AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev tədbirin Türk dünyasının ortaq musiqi yaddaşının, ənənələrinin və ifaçılıq irsinin elmi müstəvidə araşdırılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, simpozium Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan tədqiqatçıların bir araya gələrək söz-musiqi-hərəkət triadası, ənənəvi ifaçılıq və folklor–musiqi əlaqələri kimi məsələləri müzakirə etməsinə şərait yaradır və müasir qloballaşma dövründə milli kimliyin qorunması üçün vacib elmi platformadır.

Hikmət Quliyev çıxışında Kalvalı Əli Dədənin Azərbaycan nəfəsli musiqisinin kollektiv yaddaşdakı mühüm arxetiplərindən biri olduğunu söyləyib, bu irsin öyrənilməsi və təbliğinin vacibliyini vurğulayıb. Direktor, həmçinin Türk dünyasının musiqi kodlarının müqayisəli tədqiqi və ortaq elmi diskursun formalaşdırılmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, gələcəkdə türk musiqisi üçün vahid elmi konsepsiyanın hazırlanması və Kalvalı Əli Dədənin irsinin rəqəmsal arxivinin yaradılması mühüm elmi istiqamətlərdəndir.

Tədbirdə Özbəkistanın Xarəzm Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru dosent Jasurbek Salayev çıxış edərək Özbəkistanın tədbirdə geniş tərkibdə iştirak etdiyini bildirib. Vurğulayıb ki, simpoziumda ölkəni 28 nəfərlik tərkibdə nümayəndə heyəti təmsil edir və bu, Özbəkistanın Türk dünyası ilə elmi-mədəni əməkdaşlığa verdiyi böyük dəyərin göstəricisidir.

Sonda Kalvalı Əli Dədənin ailəsi adından çıxış edən Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Elçin Qaliboğlu ustad sənətkarın yaradıcılığına verilən dəyərə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Onun sözlərinə görə, Kalvalı Əli Dədənin yaradıcılığından hamıya məlum olan “Heyvagülü”, “Alma gülü”, “Alça gülü”, “Bənövşə”, “Kalvalı”, “Çəmənlik”, “Mehribanı”, “Dağ çiçəyi”, “Xırdaca” kimi havalar çağdaş zurna-balaban sənətində nəinki bu sahənin ifaçıları, eləcə də aşıq sənətinin davamçıları üçün böyük örnəkdir.

Tədbir bədii hissə ilə davam etdirilib.

Bədii hissədən sonra müxtəlif mövzularda plenar məruzələr dinlənilib, müzakirələr aparılıb.

Beynəlxalq simpozium noyabrın 21-də başa çatacaq.

Seçilən
6
tehsil.biz

1Mənbələr